Şəhərin süqutu

XIX əsrin əvvəllərində Rusiyanın işğal etdiyi Şimali Azərbaycan xanlıqları içərisində ən sonda süqut edən İrəvan xanlığı olmuşdur. Lakin 150 ildən artıq idi ki, ermənilər Eçmiədzin kilsəsinin yerləşdiyi ərazini əhatə edən torpaqlarda erməni dövlətinin yaradılması üçün Rusiya çarlarına müraciət edir, hərbi əməliyyatlara başlamaq üçün onları müxtəlif vədlərlə şirnikləndirirdilər.
Avropa dövlətlərinin real köməklik göstərə bilməyəcəyini dərk edən ermənilər, qiymətli hədiyyələr vermək yolu ilə Rusiya çarlarının diqqətini çəkməyə çalışırdılar. İpək ticarəti ilə məşğul olan Yeni Culfada yaşayan erməni Xoca Zakar Sarhadov 1660-cı ildə çar Aleksey Mixayloviçə fil sümüyündən düzəldilmiş “Almaz taxt” hədiyyə etmişdi. Hazırda Moskva Kremlinin “Silahlar palatası”nda saxlanılan həmin taxtı bəzəmək üçün 897 almaz, 1298 yaqut, 18030 firuzə dənəsindən istifadə edilmişdi.[52]
1666-cı ildə Qriqor Lusikovun başçılığı ilə Yeni Culfalı  tacirlər qiymətli hədiyyələrlə Moskvaya gələrək onları çara təqdim etmişdilər. Bir qədər sonra – 1667-ci ilin mayında erməni tacirlərinin Rusiya ilə əlaqələrinə böyük imkanlar açan ticarət müqaviləsi imzalanmışdı.
ir_3541677-ci ildə Eçmiədzin kilsəsi tərəfindən Avropaya göndərilən nümayəndə heyətinə qatılan İsrael Ori adında erməni Avropa dövlətlərini gəzib dolandıqdan sonra onların real köməklik göstərməyəcəklərinə əmin olmuş və 1701-ci ildə çar I Pyotrun qəbuluna gəlmişdi. O da çara gözqamaşdıran hədiyyələr gətirmişdi. İ.Ori Səfəvilər imperiyası ərazisində erməni dövləti yaradılması üçün proqramı çara təqdim etmişdi.
1726-cı il fevralın 22-də imperatriçə I Yekaterina ermənilərin yüksək mərhəmətə və himayəyə layiq görülmələri haqqında fərman vermişdi. [53]
XVIII əsrin ikinci yarısında ermənilər yenidən fəallaşırlar. 1760-cı ildə Hindistan ermənisi İosif Emin rus hökuməti və gürcü çarı ilə danışıqlar aparır, İran və Türkiyəyə qarşı müharibədə ermənilərin ir_152köməyini təklif edir. 1769-cu ildə Həştərxan ermənisi Movses Safarov Rusiya sarayına layihə təqdim edir. O, layihədə rus ordusunun köməyi ilə “Ermənistanı azad etməyi” və Rusiyanın himayəsində dövlət qurmağı təklif etmişdi. 1780-ci ildə Rusiyadakı erməni yeparxiyasının başçısı İosif Arqutinski (Hovsep Arqutyan) və Moskvada yaşayan erməni varlısı İvan Lazarev (Hovhannes Lazaryan – onun atası Yeğiazar Lazaryan 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra xəzinədən qiymətli daş-qaşları oğurlayıb Moskvaya qaçmışdı. Həmin brilyantlardan ən böyüyü sonralar II Yekaterinaya hədiyyə edilmişdi və hazırda Moskvada “Silahlar palata”sında saxlanılır) Rusiya hökumətinin nümayəndələrinə təqdim etdikləri proqramda təklif edirdilər ki, Osmanlı Türkiyəsi ilə İran sərhədlərinin kəsişdiyi ərazilərdə Rusiyanın protektoratlığı altında müstəqil erməni monarxiyası yaradılsın. Yaradılması arzulanan “erməni çarlığının paytaxtının Vağarşabad və yaxud Ani olması nəzərdə tutulurdu.[54]
Bir müddət sonra Rusiya Qafqaza hərbi yürüş etməyi planlaşdırır. Erməni dövlətinin yaradılması məqsədilə II Yekaterina ilə müzakirə aparmaq üçün vasitəçi kimi danışıqlara qraf Qriqori Potyomkin və anasının erməni olduğu iddia edilən rus sərkərdəsi Aleksandr Suvorov cəlb edilir. Ermənilər Suvorovu əmin edirlər ki, Cənubi Qafqaza yürüş zamanı yerli ermənilər rus qoşunlarına fəal köməklik göstərəcəklər.[55]
ir_411Valentin Pikulun “Favorit” roman-xronikasında Qriqori Potyomkinlə II Yekaterinanın bir dialoqu diqqəti çəkir. O, imperatriçəyə keçirəcəyi müşavirədə Suvorov, Lazarev və Arqutinski ilə birlikdə ermənilərin məsələsini müzakirə edəcəklərini söyləyir. Potyomkin əlavə edir ki, ermənilər diribaşdırlar, artıq özlərinə paytaxt kimi, İrəvanı bəyəniblər. II Yekaterinanın “Ermənilərin ölkəsi yoxdur, təkcə paytaxtla nə olar” – sualına Potyomkin cavab verir: “İndi yoxdur, bizdən sonra olacaq”.[56]
Azərbaycan xanlıqlarının öz aralarında gedən aramsız çəkişmələr və toqquşmalar XVIII əsrin ikinci yarısından İrəvan xanlığını müəyyən fasilələrlə Kartli-Kaxetiya çarlığından qismən asılı vəziyyətə salmış, onun daxili işlərinə qarışmasına şərait yaratmışdı. 1783-cü ilin iyulunda Georgiyevsk şəhərində imzalanan müqavilə ilə Kartli-Kaxetiya çarlığının Rusiyanın protektoratlığını qəbul etməsi Rusiyanın Cənubi Qafqazda mövqeyini daha da gücləndirmişdi. Bundan sonra Rusiyanın hakim dairələri tərəfindən Azərbaycanın bütün xanlıqlarına Rusiyanın protektoratlığını qəbul etmələri üçün məktub və hədiyyələr göndərilmişdi. Həmin ilin noyabrında qraf Apraksin Rusiya hökumətinin məktubunu İrəvan xanı Hüseynəli xana təqdim etmişdi. Məktubda Hüseynəli xandan Kartli-Kaxetiya çarı II İrakliyə itaət etmək təklif edilirdi. Rusiyanın bu addımları Osmanlı Türkiyəsini ciddi narahat etmiş və Osmanlı sultanı Azərbaycan xanlıqlarını Rusiya əleyhinə bişləşdirmək siyasəti yürütməyə başlamışdı.[57]
ir_380XVIII əsrin 90-cı illərin əvvəllərində Cənubi Azərbaycan xanlıqlarını özünə tabe edən Ağa Məhəmməd xanın niyyəti Səfəvilər imperiyasını bərpa etmək idi. O, Şimali Azərbaycan xanlıqlarının hamısını və Kartli-Kaxetiya çarlığını özünə tabe etdirmək üçün 1795-ci ildə Cənubi Qafqaza yürüş etdi. Onun bu hücumu Rusiyanın Cənubi Qafqazı ələ keçirmək planlarını pozurdu. 1796-cı ilin aprelində rus qoşunları general Valerian Zubovun komandanlığı altında Cənubi Qafqaza hücum etdi. Rus qoşunları qısa müddətdə Dərbəndi, Şamaxını, Gəncəni, Bakını zəbt etdi. Növbəti hədəf İrəvan xanlığı idi. Lakin həmin ilin noyabrında II Yekaterinanın ölümündən sonra rus qoşunlarının yürüşü dayandırıldı və qoşunlar geri çəkildi.
1801-ci ilin fevralında Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi nəticəsində İrəvan xanlığının şimal sərhədlərində yerləşən və Kartli-Kaxetiya çarlığından asılı olan Pəmbək, Borçalı, Qazax və Şəmşəddil sultanlıqları da Rusiyanın tabeçiliyinə keçmiş oldu. İrəvan xanının Pəmbək əyalətini geri qaytarmaq cəhdləri uğursuzluqla nəticələnmişdi. 1802-ci ilin sentyabrında qəddarlığı ilə ad çıxaran general Pavel Sisianovun (1724-cü ildə Kartli-Kaxetiya çarlığından Rusiyaya köçən gürcü knyazları Çiçişvililərin törəməsi olan Pavel Sisianov 1806-cı ilin fevralında Bakı üzərinə ikinci hücumu zamanı Bakı xanının qardaşı oğlu tərəfindən qətlə yetirilmiş, başı kəsilərək Fətəli şaha göndərilmişdi. Onun başsız bədəni Tiflisdə dəfn edilmişdir) Qafqazdakı rus ordusunun baş komandanı təyin edilməsindən sonra Şörəyel sultanlığı da işğal edilmişdi.
ir_4001804-cü ilin yanvarında Gəncə xanlığının işğalından sonra rus qoşunlarının növbəti hədəfi İrəvan xanlığı idi. Çünki İrəvan xanlığını ələ keçirməklə Rusiya hərbi-strateji döyüş meydanı əldə etməklə yanaşı, İran və Türkiyə sərhədlərində möhkəmlənmiş olurdu. Həmin il mayın 10-da P.Sisianov İrəvan xanı Məhəmməd xana göndərdiyi məktubunda ondan öz möhürünü vurmaqla aşağıdakı şərtlərə razılıq verdiyini ifadə edən məktub göndərməyi tələb edirdi: rus ordusu İrəvan qalasında yerləşdirilməlidir, xan Rusiya imperatorunu öz padşahı kimi qəbul etməli və ona sədaqət andı içməlidir və nəhayət, imperatora ildə 80 min rubl məbləğində xərac verməlidir. Bu şərtlərin qəbul edildiyi təqdirdə, Sisianov xanın həyatının və hakimiyyətinin həmişəlik toxunulmaz olacağını vəd edir. [58] Lakin Məhəmməd xan Sisianovun təkliflərini qəbul etmir. O, İrəvan qalasını daha da möhkəmləndirmək üçün ciddi tədbirlər həyata keçirir. Qalanın müdafiəçilərinin sayı 7 min döyüşçüyə, qala bürclərindəki atəşə hazır topların sayı isə 22-yə çatdırılır və xeyli ərzaq ehtiyatı tədarük edilir.
Rus qoşunlarının İrəvan xanlığı üzərinə birinci yürüşü 1804-cü il iyunun 12-də Sisianovun komandanlığında Gümrünü ələ keçirərək Abaran istiqamətindən İrəvan qalası üzərinə hücumla başlanır. Qacarlar İranı da öz növbəsində Fətəli şahın vəliəhdi Abbas Mirzənin komandanlığı altında İrəvan xanlığının ərazisinə qoşun yeridərək rus qoşunlarını qabaqlamaq istəyirdi. İyunun 19-da rus qoşunları Üçkilsəyə (Eçmiədzinə) çatanda artıq Abbas ir_401Mirzənin qoşunu orada qərar tutmuşdu. Sisianovun Üçkilsəni ələ keçirmək üçün etdiyi hücumlar bir nəticə vermir. Ruslar böyük itki verərək geri çəkilirlər. İyunun 25-də Sisianov İrəvan qalasına hücum əmrini verir. Eyni zamanda ruslar Abbas Mirzənin qoşununu sıxışdıraraq Araz çayının əks tərəfinə çəkilməyə məcbur edirlər. Ruslar İrəvan qalasını mühasirəyə alırlar. Sisianovun qalanı təslim etmək barədə təhdid dolu məktublarına Məhəmməd xan diplomatik tərzdə cavablar verərək vaxt udmağa çalışırdı. Rusların qalaya etdikləri həmlələr və satqın ermənilərin yardımı heç bir nəticə vermirdi. Məhəmməd xan əmin idi ki, vaxt uzandıqca rus qoşunlarının ərzaq ehtiyatı tükənəcək və qalanın mühasirəsi heç bir nəticə verməyəcək. Belə də odu. Avqustun 31-də Sisianov hərbi şuranın iclasını çağırdı. İclasda qalanın mühasirəsinə son qoyulması qərara alındı. 2000 rus hərbçisinin itirilməsi ilə nəticələnən uğursuz müharibəyə son qoyuldu. Sisianovun fatehlik xülyası boşa çıxdı. Rus qoşunları sentyabrın 4-də gecə ikən geri çəkilərək Gürcüstana qayıtdı.
Rusların İrəvan qalasına birinci yürüşü zamanı ermənilər yenə də satqınlıqlarını göstərdilər. Qala mühasirədə olan zaman erməni casusları Sisianova xəbər göndərmişdilər ki, qalanın şərq tərəfdən müdafiəsi zəifdir və ilk növbədə həmin istiqamətdən hücuma keçsinlər. Qalanın mühasirəsinin gərgin günlərində Gürcüstan ermənisi Rostam bəyin dəstəsi iki dəfə Tiflisdən Pəmbək-Abaran yolu ilə rus qoşunlarına silah-sursat daşımış, üçüncü dəfə isə ələ keçmişdi. Digərlərinə dərs olsun deyə, satqın Rostam bəy Təbrizdə edam edilmişdi. [59]
ir_0881806-cı ilin iyulunda Qafqazdakı rus qoşunlarının baş komandanı təyin edilən general-feldmarşal İvan Qudoviçin qarşısında qoyulan vəzifələrdən biri də İrəvan xanlığını işğal edib, ərazisini Rusiya torpaqlarına qatmaqdan ibarət idi. Lakin Rusiyanın Qafqazda həyata keçirdiyi işğalçılıq siyasəti ilk növbədə Fransanı ciddi narahat edirdi. Fransa İran və Türkiyədən Rusiyaya qarşı istifadə etmək istəyirdi. 1806-cı ilin dekabrında Fransa həmin dövlətlərə çoxlu zabitlər və mühəndislər göndərdi ki, orduların yenidən qurulması və müasir texnika ilə təminatı məsələlərini həll etsinlər. 1807-ci ilin dekabrından İrəvan xanı olan Hüseynqulu xan Qacar İrəvan qalasının möhkəmləndirilməsi üçün fransız mühəndislərinin xidmətindən lazımınca istifadə etmişdi. İrəvan qalasında toptökmə və barıt zavodları inşa edilmiş, əlavə qoşun hissələri toplanmış, qala divarları möhkəmləndirilmişdi. Qudoviç İrəvan qalasını belə təsvir edirdi: Qala bütün Avropa hərb qaydaları əsasında möhkəmləndirilmişdir, iki divarı vardır, divarlarının qarşısında xəndəklər qazılmışdır, xəndəyin qarşısında isə torpaq və qumdan ibarət təpələr əmələ gətirilmişdir ki, onun üzərində də toplar quraşdırılmışdır, qalada əvvəllər mövcud olmayan fuqas bombaları vardır.[60]
ir_301Rus qoşunlarının İrəvan xanlığı üzərinə ikinci yürüşü 1808-ci il sentyabrın 25-də baş tutdu. Qudoviç 6 minlik qoşun və 12 topla İrəvan üzərinə hücuma keçdi. Hüseynqulu xan ertəsi gün 5 minlik qoşunla rusların qarşısını Abaranda almaq istəsə də, buna nail ola bilmədi və geri çəkildi. Ruslar sentyabrın 27-də Üçkilsə (Eçmiədzin) monastırını ələ keçirdilər sonra isə İrəvan ətrafında düşərgə qurdular. Hüseynqulu xan qalada iki minlik qoşun qoyaraq onun müdafiəsini qardaşı Həsən xana tapşırdı. Özü isə 5 minlik qoşunla qaladan çıxıb, rus qoşunlarına arxadan zərbə endirmək məqsədilə Gedər çayın ətrafında düşərgə saldı. Bayır şəhəri ələ keçirən, qalanı hər tərəfdən mühasirəyə alan general Qudoviçin qalanı təslim etmək barədə bütün ultimatumlarını və şirnikləşdirici vədlərini Həsən xan rədd edir və bildirir ki, qaladakı qarnizon son nəfəsinədək vuruşacaqdır. Uzun müddət hazırlıqdan sonra rus qoşunlarının noyabrın 17-də İrəvan qalasına başlanan növbəti hücumu iki həftə davam edir və yenə də uğursuzluqla nəticələnir. Qudoviçin təşkil etdiyi dəstələr böyük itki verərək, qala müdafiəçilərinin zərbələri altında geri çəkilməyə məcbur olurlar. Rus ordusunun 300 nəfərə yaxın əsgər və zabiti ölmüş, 600 nəfərə qədər əsgər və zabiti isə ağır yaralanmışdı. Qış yaxınlaşır, İrəvan qalasını mühasirədə saxlayan rus qoşunlarının silah-sursatı və ərzağı tükənirdi. Nəhayət, noyabrın 30-da qalanın mühasirəsinə son qoyulmuşdu. Sisianov kimi lovğa və təkəbbürlü olan general Qudoviçin komandanlığı altında rus qoşunu qarlı-şaxtalı havada min nəfərdən artıq itki verərək ir_182Gürcüstana qayıtmışdı. Bununla da rusların İrəvan qalasına ikinci yürüşü biabırcasına sonluqla başa çatmışdı. [61] Rusiyanın İrəvan xanlığını işğal etmək niyyətindən əl çəkmədiyini yaxşı bilən Hüseynqulu xan İrəvan qalasını möhkəmlətməklə yanaşı, 1815-1817-ci illərdə fransız mühəndislərinin iştirakı ilə bir qədər aralıda Sərdarabad qalası adlanan möhtəşəm hərbi-istehkam kompleksi inşa etdirmişdi.
1813-cü il oktyabrın 12-də Rusiya ilə İran arasında bağlanan Gülüstan müqaviləsinə əsasən Şəmşədil, Loru-Pəmbək və Şörəyel əyalətləri Gəncə, Qarabağ, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd, Talış xanlıqları və Dağıstan həmişəlik Rusiyanın tərkibinə qatılsa da regionda sabitlik yaranmamışdı. Rusiya İrəvan və Naxçıvan xanlıqlarını da ələ keçirməklə öz sərhədlərini daha da genişləndirmək, regionda Fransanın yerinə aktiv rol alan İngiltərə isə İran və Türkiyəyə hərbi yardım edərək isti dənizlərə çıxmaq niyyəti olan Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasına nail olmaq istəyirdi. Ordusunun hazırlıq səviyyəsindən razı olan vəliəhd Abbas Mirzə isə Rusiya ilə müharibədə qələbə çalacağına əmin idi və ilk növbədə Qarabağ xanlığını işğaldan azad etmək üçün 1826-cı il iyulun 16-da hücuma keçmişdi. İrəvan xanı Hüseynqulu xan da Gülüstan müqaviləsi ilə xanlığın itirilmiş ərazilərinin geri qaytarılması üçün müharibəyə ciddi hazırlaşmış və iyulun 16-da Abaran mahalının Mirək kəndindəki rus əsgərlərinin postuna hücum etmişdi. Hüseynqulu xanın qardaşı Həsən xan isə rus qoşunlarının qərargahı yerləşən Böyük Qarakilsə (sonralar Kirovakan, indiki Vanadzor şəhəri) üzərinə hücum edib avqustun 9-da onu ələ keçirir. Bundan sonra Gümrü də xan qüvvələrinin əlinə keçir. Bununla da Şörəyel və Pəmbək əyalətləri yenidən İrəvan xanılığının ərazisinə qatılır.
Həmin ərəfədə hakimiyyətə gələn I Nikolay Qafqazdakı rus qoşunlarının baş komandanı Yermolova qısa müddətdə İrəvan xanlığını ələ keçirməyi tapşırmışdı.
Sentyabrın birinci yarısında Abbas Mirzənin qoşunlarının Şəmkir Gəncə və Qarabağ döyüşlərində məğlubiyyətindən sonra İrəvan xanının qoşunları Pəmbək və Şörəyeldən geri çəkilmək məcburiyyətində qalır. Bundan sonra 1827-ci ilin yazınadək rus qoşunları İrəvan üzərinə yürüşə hazırlaşır. Çar I Nikolay aprelin 1-nə kimi İrəvan xanlığı üzərinə yürüş etməyi Yermolova tapşırmışdı və ona görə də Rusiya ordusunun baş qərargahının rəisi Dibiçi Tiflisə köməyə göndərmişdi. İmperatorun 27 mart tarixli əmri ilə Yermolovun yerinə general-adyutant İvan Paskeviç təyin edildi. Martın 30-da Tiflisdə rus qoşunlarının tərkibində İrəvan xanlığının üzərinə hücumda iştirak etmək üçün hazırlanan erməni könüllü dəstələrinin paradı keçirildi. Aprelin əvvəlində general-adytant Konstantin Benkendorfun komandanlığı, Arxiyepiskop Nerses Aştarakesinin müşayiəti ilə rus qoşunlarının Borçalı üzərindən İrəvan xanlığı üzərinə sayca üçüncü yürüşü başlandı.
Benkendorfun avanqard dəstənin tərkibində 5 minə yaxın piyada, min nəfərə qədər kazak döyüşçüsü və 12 top var idi. Rus qoşunları aprelin 13-də ciddi müqavimətə rast gəlmədən Üçkilsə (Eçmiədzin) monastırına çatdıqdan sonra ərzaq çatışmazlığı ilə üzləşdi. Nerses Aştarakesinin ermənilərin rus qoşunlarını ərzaqla təmin edəcəyi haqda verdiyi vədlər yalan çıxdı. Çünki xanlığın ərazisində rus qoşunlarını bir neçə günlüyə də olsa ərzaqla təmin edə biləcək sayda ermənilər yaşamırdı. Azərbaycanlı əhali isə döyüşlər başlanmazdan öncə xan tərəfindən Arazın əks tərəfinə köçürülmüşdülər. Ayın 16-da Benkendorf Sərdarabad qalasına hücum etdi. Qala qarnizonuna Həsən xanın 16 yaşlı nəvəsi Fətəli xan komandanlıq edirdi. Həsən xanın süvariləri rusları təqib edir, onların qalaya yaxınlaşmasına imkan vermirdi. Lakin rusların toplar sarıdan üstünlüyü Həsən xana qələbə çalmağa imkan vermirdi. Benkendorfun Sərdarabad qalasını təslim etmək barədə məktubuna Fətəli xan kəskin rədd cavabı vermişdi. Paskeviçin Tiflisdən göndərdiyi 10 günlük ərzaq ehtiyatı Eçmiədzinə çatdıqdan sonra Benkendorf İrəvan qalasının üzərinə hücum əmri verdi.
Aprelin 25-dən etibarən İrəvan qalasının mühasirəsi başlandı. Benkendorfun qalanı ələ keçirmək cəhdləri heç bir nəticə vermədi. Qala mərdliklə müdafiə olunurdu. Qalada 26 top yerləşdirilmiş, qarnizonuin sayı 5 min döyüşçüyə çatdırılmış, kifayət qədər ərzaq ehtiyatı toplanmışdı. Qalanın içərisindən rusların mövqelərinə toplardan ağır zərbələr endirilirdi. Xan döyüşçüləri kiçik dəstələr halında qaladan çıxaraq ruslara qəfil zərbələr endirir və sürətlə geri çəkilirdilər. Hüseynqulu xana qalanın təslim edilməsi barədə Benkendorf tərəfindən göndərilən ultimatumlar və şirnikləşdirici vədlər də kara gəlmirdi. Həsən xan isə ir_180Arazın o tayındakı düşərgəsində öz dəstəsini möhkəmləndirdikdən sonra Benkendorfun qoşununa arxadan aramsız zərbələr endirməklə qardaşı Hüseynqulun xana yardım edirdi. Getdikcə güclənən istilər və yayılan xəstəliklər Benkendorfun qoşununu günü-gündən taqətdən salır, qalanın işğalını mümkünsüz edirdi.
İyunun 1-də Tiflisdən 5 minə yaxın piyada, 800 süvari, 3 min qeyri-nizami atlı dəstəsi və 26 topla yola düşən Paskeviç iyunun 8-də Üçkilsəyə çatmışdı. İrəvanın mühasirəsini yoxlayan Paçkeviç əmin olmuşdu ki, cəsarətsiz Benkendorfun komandanlığı altında İrəvanı ələ keçirmək mümkün olmayacaq. İyunun 19-da Paçkeviç İrəvanın mühasirəsini general Afanasi Krasovskinin komandanı olduğu diviziyaya həvalə etmişdi. Elə həmin gün Naxçıvana yola düşən Paskeviçin məqsədi Naxçıvanı və Abbasabad qalasını ələ keçirməklə Abbas Mirzənin qoşunu ilə İrəvan xanlığının əlaqəsini kəsməkdən ibarət idi. Rus qoşunları iyunun 26-da Naxçıvanı, iyulun 7-də isə Abbasabad qalasını ələ keçirir. İrəvan qalasının mühasirəsinin davam etməsinin heç bir nəticə vermədiyini görən Krasovski havalar sərinləşənədək və Tiflisdən göndərilən ağır silahların gəlib yetişməsinədək mühasirəni götürmək və qoşunu Abaranda yerləşən düşərgəyə çəkmək barədə iyunun 22-də əmr verir.[62]
Hüseynqulu xan bilirdi ki, rus qoşunları müvəqqəti uzaqlaşır və Paskeviçin qoşunu Naxçıvandan qayıtdıqdan sonra yenidən İrəvan qalasına hücum edəcək. Fürsətdən yararlanan Hüseynqulu xan qalanın daha da möhkəmləndirilməsi üçün ciddi tədbirlər görür. Qala ətrafındakı istehkam qurğuları təkmilləşdirilir, qaladan tüfəng atəşi məsafəsində olan bütün tikililər məhv edilir, qalanın ətrafını daha yaxşı müşahidə etmək üçün torpaq istehkam xeyli ucaldılır, qala ilə şəhər arasında yerləşən xanın hərəmxanasına məxsus bağın ağacları tamamilə kəsilir ki, ətrafı daha yaxşı müşahidə etmək mümkün olsun. [63]
ir_403Qalanın divarlarında 52 top yerləşdirilmişdi. Bayır şəhərdən və ətraf bölgələrdən 18 min nəfər köçrülərək qalada yerləşdirilmişdi. Onların bir neçə aylıq ərzaq təminatı məsələsi həll edilimişdi.[64]
Avqustun 4-də Abbas Mirzənin təxminən 30 minlik qoşunu Üçkilsə (Eçmiədzin) ətrafında mövqe tutur. Vəliəhdin qoşunu ilə Krasovskinin qoşunu avqustun 17-də Əştərəklə Üçkilsə arasında yerləşən Üşəyən (indiki Oşakan) kəndi ətrafında üz-üzə gəlirlər. Rus qoşunları böyük itki verir. General Krasovski kontuziya alsa da xoş təsadüf nəticəsində salamat qalır. Abbas Mirzənin qoşunu döyüşdən sonra Zəngi çayının sahilində düşərgə salır. Rusların məğlubiyyəti xəbərini eşidən Paskeviç bir dəstəni Naxçıvanda qoyub, qoşunla Üçkilsəyə (Eçmiədzinə) qayıdır. Abbas Mirzənin qoşunu Arazın əks tərəfinə çəkilir.
Paskeviç İrəvan qalasına hücum etməzdən öncə Sərdarabad qalasını və orada toplanan ərzaq ehtiyatını ələ keçirmək istəyir. Sentyabrın 13-də Paskeviçlə Krasovskinin qoşunları iki qoldan Sərdarabad qalasına hücuma keçirlər. Qala qarnizonunda 2 min döyüşçü və 14 top var idi. Sentyabrın 15-də gecə İrəvan xanının qardaşı Həsən xan da öz dəstəsi ilə hiss edilmədən qalaya daxil olur və onun müdafiəsinə rəhbərlik edir. Lakin ruslarin topları qalanın cənub divarlarını dağıtdıqdan sonra onun müdafiəsi mümkünsüz hala gəldi və sentyabrın 20-nə keçən gecə Həsən xan dəstəsi ilə qaladan çıxaraq İrəvana tərəf üz tutdu. Qala süqut etdi. Paskeviç səhər tezdən qalaya daxil oldu. Ruslar qaladan 6 aylıq ərzaq ehtiyatı və misdən tökülmüş 13 top və xeyli miqdarda barıt və sursat ələ keçirdilər.[65]
Erməni tarixçisi V.Parsamyanın yazdığına görə, Həsən xanın qalanı tərk etməsindən sonra ermənilər qalanın qapılarını rus qoşunlarının üzünə açmışdılar. [66]
Sərdarabad qalasının süqutundan sonra Hüseynqulu xan İrəvan qalasının müdafiəsini döyüşlərdə göstərdiyi igidliyə görə Fətəli şah tərəfindən “Səraslan” (yəni “Aslanlarbaşı”) adına layiq görülən qardaşı Həsən xana həvalə edərək, 1200 döyüşçü ilə özü qaladan çıxmış, yeni qüvvələr toplayıb ruslara arxadan zərbə vurmaq məqsədilə Türkiyə sərhədinə çəkilmişdi. Abbas Mirzə qoşununun bir hissəsini Naxçıvan üzərinə yönəltdi ki, rus qoşunlarını İrəvan üzərinə hücumdan yayındırsın. Sentyabrın 23-də Paskeviç İrəvan qalasının iki verstliyinə gəlib, Müxənnəttəpə adlanan yüksəklikdə mövqe tutmuşdu. Ertəsi gün qalanın mühasirəsinin cənub-şərq tərəfdən başlanması qərara alındı. Ayın 25-də Müxənnəttəpədən qalaya mərmilər yağdırılır. Ertəsi gün səhərdən qala bürclərində qoyulan toplardan rusların mövqeləri güclü yaylım atəşinə tutulur. Rus toplarından atılan mərmilərdən biri qaladakı böyük məscidin minarələrindən birini dəlib keçmiş, digər bir mərmi isə Sərdar sarayına düşmüşdü. Ruslar bütün gecəni səhərədək qalanı toplardan atəşə tuturlar.
Sentyabrın 27-si bütün gün qalanı 18 top atəşə tutur. Günün sonunda qalanın müdafiəçiləri istehkamın rusların atdıqları mərmilərdən zədələnmiş yerlərini bərpa edirlər. Ertəsi gün yenə toplar qalanı atəşə tuturlar. Ayın 29-da səhər divardağıdan topların güclü atəşindən sonra qalanın şərq qülləsi və ona bitişik divarlar uçulur. Paskeviç Həsən xana 6 saat vaxt verərək qalanı təslim etməyi tələb edir. Lakin Həsən xan Paskeviçə heç bir cavab verməyərək vaxt udmaq istəyirdi. O gözləyirdi ki, Abbas Mirzənin və qardaşı Hüseynqulu xanın qoşunları ruslara arxadan zərbələr endirəcəklər, bununla da qalanın mühasirəsinə son qoyulacaq. Lakin Paskeviç qabaqlayıcı tədbir görərək onların İrəvan qalasına yollarını kəsmişdi.
ir_185Sentyabrın 30-da rusların mövqelərinə yeni top batareyaları gətirilir. Qalanın müdafiəçiləri rusların top atəşlərinə fasiləsiz olaraq cavab verirlər. Ruslar gecə ikən qalanın uçmuş yerlərini genişləndirərək içəri daxil olmaq istəyirlər. Rusların 40 topu bütün gecəni qalanı atəşə tutur. Həsən xan rusların mühasirəsini yarıb qaladan çıxmaq istəsə də buna müvəffəq olmur.
Oktyabrın1-də səhər tezdən qala əhalisi gördülər ki, ruslar qalanın divarları boyu qazılmış xəndəklərə doluşmuşlar. Ruslar güllə yağışı altında qalanın cənub-qərb qülləsini ələ keçirirlər. Bu zaman rusların başqa bir dəstəsi qalanın şimal darvazası (Şirvan darvazası) önündə mövqe tutur. Rus toplarının zərbələrindən canlarını qurtarıb qaçmaq istəyən qala əhalisi darvaza önünə toplaşmışdı. Lakin darvazanın ağzı içəridən daşla doldurulmuş və torpaqla örtülmüşdü. General Krasovskinin darvazanı açmaq tələbindən bir qədər sonra qapılar sındırılır və rus qoşunu qalaya daxil olur. [67]
Qalanı işğalından sonra Paskeviç I Nikolaya göndərdiyi raportunda yazırdı ki, İmperatorun bayrağı artıq İrəvan qalasının divarlarında dalğalanır, çox məşhur qalanın açarları əlindədir, bütün qarnizon əsir götürülmüşdür, Həsən xan bu dəfə mühasirəni yarıb keçərək qaçmağa müvəffəq olmamışdır, 4 bayraq (bu bayraqlardan ikisi hazırda Azərbaycan Milli Tarix Muzeyində saxlanılır), 37 top, 2 qaubisa (qısalüləli ağır top), 9 mortir (qısalüləli top), 50-yə qədər falkonet (kiçik çaplı top) qənimət kimi ələ keçirilmişdir. [68]
Rusların qalaya daxil olmasından sonra Həsən xan döyüşçüləri ilə birlikdə qaladakı məscidlərdən birinə çəkilir. Məscidə daxil olan general Krasovski ruslara atəş açmamağı əmr edir. O özü Həsən xanın silahını alaraq onu tərksilah edir. Həsən xan Krasovskidən qalanı tərk etmək istədiyi vaxt itirdiyi qılıncın tapılıb özünə qaytarılmasını xahiş edir. Əmir Teymura məxsus olan və sonradan Səfəvi hökmdarlarının sarayını bəzəyən həmin qılıncı Həsən xana döyüşlərdə göstərdiyi igidliklərə görə Fətəli şah bağışlamışdı. Krasovski həmin qılıncı qiymətli hədiyyə müqabilində aldırtdırır və Həsən xana qaytarır. Lakin qiymətli daş-qaşlarla bəzədilmiş qılıncın dəstəyi qopub itmişdi. Dəstək qızıldan düzəldilərək bərpa edildikdən sonra Həsən xanın istəyi ilə Krasovski həmin qılıncı Şərqin fatehi Əmir Teymurun qüdrətli qılıncı kimi xarakterizə edərək İmperator I Nikolaya hədiyyə olaraq göndərir.
Təqribən 23 il rus ordusunu lərzəyə salan, ələkeçməz, qəhrəmanlığı ilə adı dillər əzbəri olan görkəmli sərkərdə Həsən xanla rus generalları çox nəzakətli davranırlar. Onun gələcək taleyi haqqında Paskeviç heç bir nəticəyə gələ bilmir. Ona görə də qərara alınır ki, Həsən xanı I Nikolayın hüzuruna göndərsinlər və son qərarı İmperatorun özü versin. Paskeviçin tapşırığı ilə Həsən xan xüsusi kareta ilə əvvəlcə Tiflisə, oradan isə Peterburqa yola salınır. Rus hərb tarixçisi V.Pottonun yazdığına görə, siyasi şərait Həsən xanın Peterburqa çatmasına imkan vermir, o, Terek çayı üzərindəki Yekaterinoqrad şəhərində ləngiyir. Bundan sonra Həsən xanın taleyi haqqında müəllif heç bir məlumat vermir. [69]
Digər məlumatlara görə, İrəvan xanlığının işğalından sonra imzalanan Türkmənçay (fevral, 1828) müqaviləsinin on üçüncü maddəsinə əsasən hər iki tərəfdən olan əsirlər öz ölkələrinə qaytarılır, o cümlədən Həsən xan da azad edilir. Qovanlı-Qacar sülaləsinə mənsub olan Həsən xan İrana gəlir. 1828-ci ildə Fətəli şah Qacar Həsən xanı Xorasanda baş vermiş iğtişaşları yatırmaq üçün göndərir. Həsən xan 1830-cu ilədək oranı idarə edir. Sonra Fətəli şah general Həsən xanı Tehrana çağırır. Həsən xan 1848-ci ildən Yəzd, Kirman və Bəlucistan əyalətlərinin hakimi olur. Həsən xan 1856-ci ildə Kirmanda vəfat edir, Nəcəf şəhərində dəfn olunur.
İrəvan xanı Hüseynqulu xanın aqibəti haqqında isə ziddiyyətli məlumatlar mövcuddur. İ.Şopenin verdiyi məlumata görə, taleyin dönüklüyü ilə üzləşən Hüseynqulu xan Qacar 1834-cü ildə kasıbçılıq həddində Cənubi Azərbaycanda vəfat etmişdir. [70]  Hüseynqulu xanla Fətəli şahı qohumluq əlaqələri də birləşdirirdi. Belə ki, Fətəli şah Hüseynqulu xanın bacısı ilə və Abbas Mirzə isə Hüseynqulu xanın qızı ilə evlənmişdi. Erməni əsilli Amerika tədqiqatçısı Corc Burnoutyan İran tədqiqatçısı M. Bamdada istinadən məlumat verir ki, xanlığın işğalından sonra da Hüseynqulu xan Fətəli şah tərəfindən müxtəlif vəzifələrə təyin edilmiş və 1831-ci ildə 90 yaşında zəngin adam kimi vəfat etmişdir. [71]
“Alınmaz qala” adlandırılan İrəvan qalası rus döyüşçülərinin fasilələrlə 23 il apardıqları müharibələr nəticəsində işğal olunması ilə Şimali Azərbaycan xanlıqlarının hamısı Rusiya işğalı altına düşdü. İrəvan qalasının alınmasında yenə də erməni xəyanəti və satqınlığı mühüm rol oynamışdı. Regionun relyefinə bələd olan ermənilər rus hərbçilərinə bələdçilik edir, qalanın zəif müdafiə olunan yerlərini rus hərbçilərinə nişan verir, casusluq fəaliyyəti göstərirdilər. Tiflisdə təşkil olunmuş erməni könüllü dəstələri rus qoşunlarının tərkibində İrəvan xanının qoşunlarına qarşı vuruşurdular. İrəvan qalasının ələ keçirilməsinin ləngidiyini görən arxiyepiskop Nerses Aştarakesi sentyabrın 27-də və 28-də xanlığın ərazisində yaşayan ermənilərə müraciət etmişdi ki, dərhal rus ordusuna köməyə gəlsinlər. Qalanın içərisində olan ermənilər hər vasitə ilə qalanın süqutuna çalışırdılar. Qalanın təslim edilməsinə çalışan Astvasaturyan soyadlı bir ermənini etdiyi xəyanətinə görə, sərdarın əmri ilə topun lüləsinə bağlayaraq atəş açmışdılar ki, digər satqın ermənilərə dərs olsun. [72]
Qaladan kənardakı düşərgəsində olan Paskeviçə İrəvan qalasını alınması xəbəri çatanda artıq rus əsgərləri talana başlamışdılar. Qaladakı evlərin hamısı top mərmilərindən yerlə yeksan olmuş, küçələr meyitlərlə dolmuşdu. Oktyabrın 2-də qalanın cənub darvazasının önündə qələbə paradı keçirilmişdi. Zəfər marşı çalınmış və toplardan yaylım atəşləri açılmışdı. Bu zaman zədələnmiş qala divarlarının bir hissəsi uçmuş və çoxlu insan tələf olmuşdu.
İrəvan qalasının alınmasına görə Paskeviç imperator tərəfindən “Qraf Erivanski” tituluna və II dərəcəli Müqəddəs Georgi ordeninə layiq görülmüşdü. Digər generallar da yüksək mükafatlar almışdılar. Bir müddət sonra “İrəvan qalasının alınması uğrunda” xüsusi medal da təsis edilmişdi. İmperator buyruğu ilə arxiyepiskop Nerses İrəvan xanlığının işğalı zamanı xidmətlərinə görə Müqəddəs Aleksandr Nevski ordeni ilə təltif edilmişdi.
İrəvan qalasının alınması xəbəri Rusiya İmpreratoru I Nikolaya Riqada olarkən çatdırılmışdı. Həsən xanın qılıncını çara təqdim etmişdilər. Çar da öz növbəsində həmin qılıncı Riqada olmasının xatirəsi olaraq şəhər ratuşuna bağışlamışdı. (Həmin qılınc hazırda Kremlin “Silahlar Palatası”nda saxlanılır.) Peterburqa qayıtdıqdan sonra İmperator noyabrın 8-də ailəsi ilə birlikdə Qış sarayındakı kilsəyə gedərək İrəvan qalasının alınması münasibətilə dualar etmişdilər. İrəvan qalasının işğalı zamanı götürülmüş açarları və 4 bayrağı paytaxt sakinlərinin alqış sədaları altında küçələrdə gəzdirilmişdi. [73]
İrəvan qalasının süqutundan ruhlanan rus qoşunları 1827-ci ilin sonu, 1828-ci ilin əvvəllərində Cənubi Azərbaycanın Təbriz, Xoy, Urmiya, Səlmas və Ərdəbil şəhərlərini də ələ keçirirlər. 1828-cil fevralın 10-da Təbriz-Tehran yolunun üzərindəki Türkmənçay kəndində imzalanan müqavilə ilə İrəvan xanlığının Rusiyaya ilhaq edilməsi rəsmiləşdirilir.