Xanlığın əhalisi

İrəvan xanlığının əhalisinin etnik tərkibini oğuz-türk boyları təşkil etmişdir. Tarixi qaynaqlar göstərir ki. Xanlığın əhalisinin əsasını qaraqoyunlu, ağqoyunlu və qızılbaş tayfa birliklərinə daxil olan bayat, əfşar, səədli, baharlı, bayandur, qaçar, şamlı, rumlu, ustaclı, təkəli, ayrımlı, muğanlı və s. kimi tayfalar təşkil etmişlər. Həmçinin 1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahanşahın dövründə erməni katolikosluğunun Kilikiyadan Çuxur-Səəd əmirliyinin Vağarşabad kəndindəki Üçkilsə (Eçmiədzin) monastırına köçürülməsindən sonra müxtəlif yerlərdən axışıb gələn azsaylı ermənilər (haylar) xanlığın ərazisində tədricən məskunlaşmışdılar.
Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin himayəsindən sui-istifadə edən Üçkilsə katolikosları və onların Avropadakı havadarları Azərbaycanın olduqca münbit bu ərazisində ermənilərin məskunlaşmasına başçılıq edirdilər. Xristian dövlətlərinin və missionerlərinin vəsaiti hesabına varlanan erməni kilsələri yerli müsəlman hakimlərdən yeni-yeni torpaqlar alırdılar. Matenadaranda saxlanan alqı-satqı sənədlərinə görə, hələ 1432-ci ildə Ağqoyunlu Yaqub padşahın nümayəndəsi iri torpaq mülkiyyətçisi Əmir Rüstəm xəzinə torpaqlarında yerləşən 7 kəndi – Eçmiədzin (Üçkilsə) monastırının yerləşdiyi Vağarşabad kəndini və Əştərək, Batrinc, Noraqavit, Ağunatun, Kirəcli və Muğni kəndlərini Qriqor Makuluya satmış, o da öz növbəsində həmin kəndləri Üçkilsə monastırına bağışlamışdı. Sonralar Üçkilsə monastırı daha 16 kəndi və digər torpaqları və mülkləri ələ keçirmişdi.33Bu yolla ermənilər Azərbaycan torpaqlarında özlərinə yeni yaşayış məskənləri yaradırdılar.
Tarixi ədəbiyyatda İrəvan xanlığının əhalisi haqqında səhih məlumatların olmaması həmin ərazidə gedən çoxsaylı müharibələrlə bağlıdır. İrəvan xanlığını ələ keçirmək uğrunda Osmanlı imperiyasının Səfəvilər və Əfşarlar imperiyaları ilə apardığı müharibələr əhalinin etnik tərkibinə ciddi təsir göstərmişdir. Osmanlı sultanlarının şiə məzhəbli qızılbaş türklərin təqib edilməsi haqqında verdikləri fərmanlar İrəvan xanlığı ərazisində də yerli qızılbaş əhalinin türk qoşunları gəlməzdən öncə öz yurdlarını tərk etmək məcburiyyətində qoymuşdu. Həmin fərmanların qızılbaş kürdlərə şamil edilməməsi öz növbəsində kürdlərin də İrəvan xanlığı ərazisinə axınına səbəb olmuşdu.
İrəvan xanlığının ərazisində gedən müharibələrdən daha çox ermənilər faydalanırdılar. Məsələn, səfəvilərlə müharibə zamanı Osmanlı sultanı III Muradın 28 aprel 1578-ci il tarixli fərmanında ərz edilirdi ki, rəiyyət və vergi ödəyicisi olan erməni tayfasının mallarına və canlarına zərər verilməsin. 1579-cu ilin sentyabrında osmanlı ordusunun İrəvan üzərinə hücumundan öncə Abaran nahiyəsindən 3 min ailə Ərzurum vilayətinə köçürülmüşdü. Həmin ilin oktyabr ayında osmanlı ordusu Şərabxana nahiyəsindən 20 min əsir aparmışdı. 1583-cü ildə osmanlı ordusu İrəvan əyalətinə daxil olduğu zaman İrəvan şəhərinin və eyniadlı əyalətin müsəlman əhalisi Ağrıdağ yaylaqlarına çəkilmiş, şəhərdə və kəndlərdə yalnız ermənilər qalmışdı. [34] 
Eçmiədzin ətrafındakı torpaqlarda ermənilərin daha da möhkəmlənməsinə Səfəvi hökmdarı I Şah Abbas daha geniş imkanlar yaratmışdı. 1605-ci ildə onun fərmanı ilə Səfəvilər dövlətinin ərazisində pərakəndə şəkildə yaşayan ermənilərin yığcam halda yaşamaları üçün xüsusi ərazilər ayrılmışdı. Həmin dövrdə paytaxt olan İsfahan şəhərinə yaxın ərazidə Yeni Culfa şəhəri salınmış, buraya köçürülən ermənilər üçün kilsə və monastır inşa edilmiş, onların xarici ticarətlə məşğul olmaları üçün geniş imtiyazlar verilmişdi. Hətta I Şah Abbas bu tikililər üçün xəzinədən vəsait ayırmışdı. I Şah Abbas hətta Səfəvilər dövlətinin xarici siyasət məsələləri ilə məşğul olmaq və Avropa ölkələri ilə diplomatik danışıqlar aparmaq səlahiyyətini özünün müşaviri Xoca Səfər adlı bir erməniyə etibar etmişdi. 1608-ci ildə I Şah Abbas Xoca Səfərin başçılığı ilə Avropaya gedən nümayəndə heyəti vasitəsilə Roma papasına, İspaniya kralına, Toskano hersoquna və Venetsiya dojuna məktublar göndərmişdi. Xoca Səfər şahın məktubunu təqdim etdikdən sonra, ermənilərin (Eçmiədzin kilsəsinin) Roma papası və digər Avropa ölkələrinin başçılarına məktublarını da təqdim etmişdi.  [35] Bu məktublarda xristian Avropa ölkələrindən Şərqdə – müsəlman ölkələrində yaşayan xristian erməniləri öz himayələrinə götürmələri haqqında xahişlər edilmişdi.
I Şah Abbasın xələfi Şah Səfi 1629-cu ildə katolikos Movsesin adına verdiyi fərmanla Eçmiədzin katolikosluğunu hər il şah xəzinəsinə ödədiyi 100 tümən vergidən azad etmişdi. Şah Səfinin 1638-ci ildə verdiyi digər fərmanla şah və xan məmurlarına Eçmiədzinin daxili işlərinə qarışmamağı əmr etmiş, hər hansı vergi, rüsum və s. tələb etməyi qadağan etmişdi. Eçmiədzin kilsəsinə qarşı II Şah Abbas (1642-1667) və Şah Süleyman (1667-1694) da xeyirxah siyasət yürütmüşdülər. [36]
Eçmiədzin kilsəsi Səfəvi hökmdarlarının ermənilərə olan xeyirxah münasibətlərindən ustalıqla faydalanırdı. Katolikos I Filippos 1650-ci ildə II Şah Abbasa müraciətində yazırdı: “İtəatkarcasına ərz edirəm ki, hazırda yerli ermənilərdən bir çoxu paytaxt İsfahanda, bir çoxu da bizim vilayətdə yaşayırlar ki, onlar buraya Siz Əlahəzrətin tükənməz qayğı və məhəbbəti sayəsində müxtəlif vilayətlərdən gəlib məskunlaşıblar. Əlahəzrət hökmdar, üç yüz mömin, – qoy buna bənzər yüz min mömin sizin müqəddəs atınızın dırnaqlarının qurbanı olsun, – Üçkilsədə gecə və gündüzlərini sizə dua etməklə keçirirlər ki, onlar yaşamaları üçün tamamilə Əlahəzrət hökmdarın mərhəmətinə borcludurlar”. [37]
Digər tərəfdən, katolik missionerləri də Vatikanın və Avropa dövlətlərinin başçılarının adından xristian azlıq kimi, ermənilərin himayə və müdafiə edilməsini Səfəvi hökmdarlarından xahiş edirdilər. Məsələn, Fransa kralı XIV Lüdovik 1688-ci ildə şah Sultan Hüseynə məktub və vəsatətlə müraciət etmişdi ki, Şamaxıda və İrəvanda kilsə və iezuitlər (Roma katolik kilsəsinin missionerləri) üçün məktəb açılsın. Tədqiqatçıların qənaətincə, bu missiyaların arxasında daha dərin iqtisadi və siyasi xarakterli mətləblər, həmçinin kəşfiyyat mahiyyətli məqsədlər gizlənirdi. 1708-ci ildə Səfəvilərlə Fransa arasında bağlanan ticarət müqaviləsinin bəndlərinin birində ifadə edilirdi ki, Səfəvilər dövlətinin ərazisində kök salan xristian missionerləri harada istəsələr orada yaşaya bilərlər, bütün ermənilər və xristianlar, onların övladları missionerlərə baş çəkmək, onların yanında təlim görmək və moizələrinə qulaq asmaq istəyirlərsə, heç kim onların qarşısını ala və maneə ola bilməz. [38]
1723-cü ildə osmanlı qoşunlarının İrəvan üzərinə növbəti hücumu zamanı İstanbulda sarayda qulluq edən Seqbos adında bir erməni Sultan III Əbdülhəmiddən xahiş etmişdi ki, qoşunların Eçmiədzin kilsəsinə və ermənilərə toxunmaması haqqında göstəriş versin. Osmanlı qoşunlarının komandanı Abdulla paşa sultanın verdiyi fərmana əsasən qoşunun Eçmiədzin üzərinə hücumuna icazə verməmiş, üstəlik onun müdafiəsi üçün bir polk ayırmışdı. [39]
1726-cı il fevralın 22-də imperatriçə I Yekaterina ermənilərin yüksək mərhəmətə və himayəyə layiq görülmələri haqqında fərman vermişdi.
Bütün bunlar müsəlmanlar içərisində azlıq təşkil edən erməniləri xüsusi imtiyazlı təbəqə halına gətirir, bölgənin etno-demoqrafik vəziyyətinə tədricən təsir göstərirdi. XIX əsrin əvvəlində ermənilər İrəvan xanlığı ərazisində 50-dən artıq qədim oğuz-türk yaşayış məntəqələrinə sahib olmuşdular.
1801-ci ildə rus qoşunlarının İrəvan xanlığının şimal sərhədində yerləşən Pəmbək əyalətini, 1804-cü ildə Şörəyel sultanlığını işğal etməsindən sonra azərbaycanlıların deportasiyası və ermənilərin həmin ərazilərə kütləvi axını başlanmışdır. Rus qoşunlarının Pəmbək və Şörəyel əyalətlərini işğalınadək bölgədə mövcud olan 200 azərbaycanlı yaşayış məntəqəsindən 190-ı XIX əsrin əvvəlində azərbaycanlılardan təmizlənmişdi. 1813-cü ildə imzalanan Gülüstan müqaviləsi ilə İrəvan xanlığından Rusiyanın tabeçiliyinə keçən ərazilərdə, xüsusən də müharibə nəticəsində boşalmış azərbaycanlı kəndlərinin əksəriyyətində ermənilər məskunlaşmışdı. Həmin müddətdə təkcə Pəmbək-Şörəyel bölgəsinə Türkiyədən 32 mindən artıq erməni köçürülmüşdü.
İngiltərənin Qacarlar İranındakı səfirliyinin katibi Ceyms Morier 1813-cü ildə İrəvanda olmuş, xanlığın ərazisində təqribən 100 min nəfər əhalinin yaşadığını göstərmişdir. [40]
Bu məlumat rus müəlliflərinin əsərlərində də öz təsdiqini tapmişdır. XIX əsrin əvvəllərində Rusiya xarici işlər nazirliyinin Asiya departamentinin direktoru olmuş Semyon Bronevskinin verdiyi məlumata görə, İrəvan xanlığında 18 min ailə yaşamışdır. [41]
Rus qoşunlarının İrəvan xanlığı üzərinə 1827-ci ildə sonuncu həmləsi nəticəsində müsəlman əhalinin bir qismi öz yer-yurdlarını tərk edərək qonşu İran və Türkiyəyə sığınmışdılar.
Rus qoşunlarının komandanı general Paskeviç 1827-ci il iyulun 27-də qraf Nesselorda göndərdiyi məktubunda bildirirdi ki, İrəvan xanlığında yaşayan türk tayfaları qarapapaqlardan 900, ayrımlardan 300, uluxanlılardan 600, çobankərəlilərdən 200 ailə, müsəlman kürdlərindən üst-üstə 2600 ailə Türkiyənin müxtəlif yerlərinə qaçmışlar. [42]
İrəvan xanlığının əhalisi haqqında həqiqətə yaxın məlumatı 1829-1832-ci illərdə xanlığın ərazisində kameral siyahiyaalma keçirən İvan Şopenin 1852-ci ildə Sankt-Peterburqda çap edilən “Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Российской империи” kitabından əldə etmək olar. İ.Şopeni müşayiət edən tərcüməçinin erməni olması əhalinin milli tərkibinin ermənilərin xeyrinə qeydə alınmasına təsir göstərmişdir. Həmçinin kitabın əvvəlində İ.Şopeninin verdiyi tarixi xülasəni əsasən erməni müəlliflərinin əsərlərinə istinadən qələmə alması bəzi məqamlarda müəllifin obyektiv nəticə çıxarmasına mane olmuşdur. Bununla belə, İ.Şopenin əsəri İrəvan xanlığı haqqında ən müfəssəl məlumat verən əsər hesab edilməlidir.
Müəllifin verdiyi məlumata görə, işğal ərəfəsində İrəvan xanlığının ərazisində 831 kənd mövcud olmuşdur ki, onlardan 310-u müharibə nəticəsində dağıdılmışdı. Hər kənddə orta hesabla 25 ailə, hər ailədə 5-6 nəfər hesabı ilə götürdükdə, dağıdılmış 310 kənddə təqribən 43 mindən artıq əhalinin yaşamış olduğunu müəyyən etmək olur. İ.Şopenin məlumatına görə, işğaldan sonra İrəvan şəhərində 7331 nəfər, mahallarda isə 57364 müsəlman qeydə alınmışdır. Əslində isə İrəvan şəhərində işğaldan öncə 16 min nəfər müsəlman yaşamışdır. Bu rəqəmlərin üzərinə dağıdılmış kəndlərdə yaşamış olan 43 min nəfəri də əlavə etsək, onda İrəvan xanlığında işğaldan öncə azı 116 min nəfər müsəlman yaşadığı bəlli olur. Ermənilərə gəlincə, İ.Şopen mahallarda 20073 nəfər, İrəvan şəhərində isə 2369 nəfər yerli erməninin yaşadığını yazır: cəmisi 22442 nəfər. [43] Əslində isə həmin 22442 nəfər erməninin bir çoxu yerli sakin deyil, 1804-cü ildən bəri xanlığın ərazisində gedən müharibələrdən sonra Türkiyə ərazisindən gəlib regionda məskunlaşmışdı. Bununla belə, faizlə ifadə etsək, işğaldan öncə ermənilər xanlığın ümumi əhalisinin təqribən 19 faizini təşkil etmişdir.
Erməni əsilli ABŞ tədqiqatçısı Georgi Burnoutyan da İ.Şopenin kameral siyahıyaalmasının nəticələrini təhlil edərək belə qənaətə gəlmişdir ki, işğaldan öncə İrəvan xanlığının ərazisində 20 minə yaxın erməni yaşamışdır ki, bu da ümumi əhalinin 20 faizini təşkil etmişdir.[44]
İ.Şopenin İrəvan xanlığının əhalisinin müxtəlif təbəqələri haqqında verdiyi məlumat xanlığın köklü əhalisinin kimlərdən ibarət olması mənzərəsini ortaya qoyur. Kameral siyahıyaalmanın nəticələri göstərir ki, İrəvan xanlığı ərazisində zadəgan sayılan 270 xan və bəy müsəlman ailəsi, 30 erməni məlik və ağa ailəsi qeydə alınmışdı. [45] Deməli, erməni zadəganları xanlığın ərazisindəki zadəganların cəmisi 10 faizini təşkil etmişdi.
Lakin İrəvan xanlığının 1827-ci ildə rus qoşunları tərəfindən işğalından sonra da bir müddət həmin ərazidə azərbaycanlılar sayca ermənilərdən üstün olmuşdur. Yalnız Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələri əsasında İran və Türkiyədən ermənilərin kütləvi surətdə İrəvan xanlığı ərazisinə köçürülməsindən sonra demoqrafik vəziyyət ermənilərin xeyrinə dəyişmişdir ki, bu haqda irəlidə ayrıca məlumat veriləckdir.
Çar Rusiyasının köçürmə siyasəti nəticəsində ermənilər kompakt şəkildə əsasən azərbaycanlı yaşayış məntəqələrində məskunlaşdırılmışdılar. Bunun nəticəsində azərbaycanlılar ermənilərdən sayca azlıq təşkil etsə də, azərbaycanlı yaşayış məntəqələri erməni yaşayış məntəqələrindən sayca çox idi. 1865-ci ilin məlumatına görə, İrəvan quberniyasında mövcud olan 1198 kəndə 694-də müsəlmanlar, 413-də ermənilər, 10 kənddə ruslar, 91 kənddə isə ermənilərlə müsəlmanlar qarışıq şəkildə yaşayırdılar.
Azərbaycanlılar İrəvan şəhərini üzük qaşı kimi əhatə edən və quberniyanın nüvəsi hesab olunan İrəvan qəzasında işğaldan sonra da sayca çoxluq təşkil edirdilər. 1865-ci ildə qəzada qeydə alınan 79661 nəfər əhalinin 46617 nəfərini azərbaycanlılar (tatarlar), 26709 nəfərini isə ermənilər təşkil edirdi.Başqa sözlə, əhalinin 58,5 faizini azərbaycanlılar, 33,5 faizini isə ermənilər təşkil edirdilər. [46]
XX əsrin əvvəllərində azərbaycanlılar İrəvan qəzasında hələ də əhalinin əksəriyyətini təşkil edirdi. Həmin vaxt İrəvan qəzasında yaşayan 121809 nəfər əhalinin 65871 nəfərini azərbaycanlılar, 45624 nəfərini ermənilər, 7865 nəfərini kürdlər, 869 nəfərini isə ruslar təşkil edirdi. Faiz nisbəti ilə əhalinin 54, 1 faizini azərbaycanlılar, 37,5 faizini ermənilər, 6,5 faizini kürdlər, 0,7 faizini isə ruslar təşkil edirdi.[47]
İrəlidə hər biri haqqında ayrıca söhbət açacağımız azərbaycanlılara qarşı 1905-1906, 1918-1920, 1948-1953, 1988-1989-cu illərdə həyata keçirilən soyqırımlar və deportasiyalar nəticəsində keçmiş İrəvan xanlığı – indiki Ermənistan Respublikası ərazisində hazırda bir nəfər də olsun azərbaycanlı qalmamışdır.
Yuxarıda sadalanan faktlar bir daha sübut edir ki, İrəvan xanlığının yerli əhalisi yalnız Azərbaycan türklərindən ibarət olmuşdur, ermənilər isə orta əsrlərdən etibarən müxtəlif yollarla gəlib həmin ərazidə məskunlaşmışlar. Erməni tarixçilərinin İrəvan xanlığının ərazisinin qədim erməni torpağı, əhalisinin əksəriyyətinin isə erməni olması haqında iddialarının da cəfəngiyatdan başqa bir şey olmadığı yuxarıda göstərilən rəqəmlərdən aydın görünür.