Rusiya işğalı dövrü

İrəvan xanlığının işğalından bir neçə gün sonra – 1827-ci il oktyabrın 6-da həmin ərazidə Paskeviçin əmri ilə yeni Rusiya üsul-idarəsi kimi, “İrəvan Müvəqqəti İdarəsi” yaradılır. Yerli qoşunların komandanı general Krasovski idarənin rəisi, qalanın müvəqqəti komendantı podpolkovnik Bronevski və arxiyepiskop Nerses Aştarakesi isə idarənin üzvü təyin edilirlər. Müvəqqəti idarənin qarşısında ölkədə hakimiyyəti ələ almaq, qayda-qanun yaratmaq, ordunu daimi ərzaqla təchiz etmək, İrəvan, Sərdarabad və Abbasabad qalalarını müdafiə etmək, Gürcüstanla əlaqə yaratmaq, pambıqçılığı inkişaf etdirmək, duz istehsalını artırmaq, İrəvan xanının mülklərinin, sürülərinin, gəlirlərinin hesabatını aparmaq, onun bütün daşınar və daşınmaz əmlakını müsadirə etmək vəzifəsi qoyulmuşdu. [74]
ir_356Lakin Krasovskinin Nersesə verdiyi qeyri-məhdud səlahiyyətlər sayəsində ermənilər istədiklərinə nail olurlar. Müharibədən çıxmış əhaliyə paylamaq üçün verilən 4500 çetvert taxılın böyük hissəsi sayca azlıq təşkil edən ermənilərə paylanmışdı. Müsəlmanlar dövlət himayəsindən məhrum edilmişdilər. Bununla əlaqədar Paskeviç baş qərargah rəisinə 2 aprel 1828-ci ildə göndərdiyi məktubunda yazırdı: “Mən təsəvvür etməzdim ki, Krasovski yalnız Nersesin iradəsi ilə hərəkət edəcək, mənim ona verdiyim təlimata məhəl qoymayıb, yenicə ələ keçirilmiş əyalətin idarə edilməsi qayğısına qalmayacaq, bütün əhalinin dörddə üçünü təşkil edən müsəlmanlara himayədarlıq etməyəcək, lazımi vəsait ayırmayacaq”.[75] Yerli müsəlmanlara qarşı edilən ayrıseçkilik narazılığın artmasına səbəb olur, nəticədə  onların bir qismini İran və Türkiyəyə köçüb getməyə vadar edirdi. Rusiyadan narazı müsəlman əhalinin sərhədin əks tərəfində cəmlənməsi Paskeviçi narahat edirdi. Ona görə də o, Nersesi ir_355İrəvan müvəqqəti idarəsindəki fəaliyyətindən uzaqlaşdırmışdı. Türkmənçay müqaviləsi imzalandıqdan sonra Paskeviç general Krasovskini İrəvan müvəqqəti idarəsinin rəisi vəzifəsindən azad etmiş, müsəlmanlara qarşı bəd əməllərindən əl çəkməyən arxiyepiskop Nersesi isə Bessarabiyaya sürgün etdirmişdi.
1828-ci il fevralın 10-da imzalanan Türkmənçay müqaviləsi ilə İrəvan və Naxçıvan xanlıqıarı Rusiyaya birləşdirilıir. Martın 20-də I Nikolay bu müqaviləni təsdiq edir və ertəsi gün Erməni vilayəti yaradılması haqqında fərman verilir. Fərmanda deyilirdi: “İranla bağlanmış müqaviləyə əsasən İrandan Rusiyaya birləşdirilən İrəvan və Naxçıvan xanlıqlarını bundan sonra Erməni vilayəti adlandırmağı hökm edir və öz titulumuza daxil edirik. Həmin vilayətin quruluşu və onun idarə edilməsi qaydası haqqında Ali Senat lazımi fərmanları öz vaxtında alacaqdır.” [76]
ir_421Ermənilərin İrəvan xanlığının işğalındakı xidmətləri nəzərə alınaraq, yeni yaradılan inzibati-ərazi vahidi “Erməni vilayəti” adlandırılmışdı. Əslində isə bu ad ermənilərin İran və Türkiyə ərazisindən köçürülüb gətirilərək yeni işğal olunmuş ərazilərdə ermənilərdən ibarət xristian bufer zolağı yaratmağa xidmət edirdi. Rusiyanın hakim dairələri öz niyyətlərinə çatdıqdan sonra vilayətin adından “erməni” ifadəsi götürülmüşdü. İrəvan xanlığının işğalından dərhal sonra rus üsul-idarəsi tətbiq edilməmiş, bir müddət xanlıq dövründəki idarəçilik forması saxlanılmışdı.
Erməni vilayəti İrəvan və Naxçıvan əyalətlərinə və Ordubad dairəsinə bölünmüşdü. İrəvan əyalətinə keçmiş İrəvan xanlığının 15 mahalı, Naxçıvan əyalətinə 5 mahal və Ordubad dairəsinə 5 mahal daxil idi. Vilayət idarəsinin rəisi vəzifəsinə yerli qoşunların komandanı general-mayor Aleksandr Çavçavadze təyin edilmişdi. Vilayət idarəsinin üzvləri iki rus hərbçisindən və azərbaycanlıların və ermənilərin təmsilçilərindən ibarət idi. (Çavçavadzenin qızı Nina rus dramaturqu və diplomatı, 1829-cu ilin fevralında Tehranda səfir olarkən qətlə yetirilən Aleksandr Qriboyedovun arvadı idi). 
13 fevral 1830-cu ildə vilayətin rəisi vəzifəsinə Tiflis ermənisi general-mayor Vasili Bebutov (Behbudov) təyin edilir. Erməni tarixçisi Z.Qriqoryan ermənilərin vilayətin idarəçiliyində iştirakına qadağa qoyulmasını təsdiq edərək yazır ki, V.Bebutovun vilayət rəisi olduğu dövrdə ruslaşdırma siyasəti daha da gücləndirilmiş, nəinki administrasiya mərkəzində, hətta mahallarda belə bütün hərbi və mülki vəzifələrə rus məmurları təyin edilmişdi.[77]
ir_07223 iyun 1833-cü ildə çar I Nikolay “Erməni vilayəti”nin yeni adminstrativ quruluşunu təsdiq edir. İrəvan qəzası 4 dairəyə – İrəvan, Şərur, Sürməli və Sərdarabad dairələrinə bölünür.
1840-cı il aprelin 10-da Cənubi Qafqazın yeni inzibati quruluşu haqqında qanun qəbul edilir. Yeni qanunla “Erməni vilayəti” buraxılır. İrəvan qəzası yeni yaradılan Gürcü-İmereti quberniyasının tərkibinə daxil edilir. Pəmbək-Şörəyel distansiyası isə Aleksandropol qəzasının tərkibinə daxil edilir. 1844-cü ildə Qafqaz canişinliyi yaradılır. 14 dekabr 1846-cı il qanunu ilə Qafqazın yeni inzibati bölgüsü təsdiq edilir. İrəvan və Aleksandropol qəzaları yeni yaradılan Tiflis quberniyasının tərkibinə daxil edilir. Senatın 9 iyun 1849-cu il fərmanı ilə İrəvan, Aleksandropol, Naxçıvan, Ordubad və Novo-Bəyazid qəzalarından ibarət İrəvan quberniyası təşkil edilir.
1870-ci ildə İrəvan quberniyasının tərkibində yeni Şərur-Dərələyəz qəzası, 1875-ci ildə isə Sürməli qəzası yaradılır. 1918-ci ilə qədər İrəvan quberniyanın tərkibinə 7 qəza – İrəvan, Aleksandropol, ir_349Naxçıvan, Novo-Bəyazid, Sürməli, Şərur-Dərələyəz və Eçmiədzin qəzaları daxil idi.
Rusiya işğalı dövründə İrəvan və Gümrü (Aleksandropol) şəhərlərinin, habelə İrəvan quberniyasının gerbləri təsdiq edilmişdir. İrəvan şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdu. Gerbin təsviri belə idi: Gerbin ikiyə bölünmüş qalxanvari lövhəsinin yuxarıdan 1-ci qızılı sahəsində zirvəsində Nuhun gəmisini simvolizə edən Ağrı (Ararat) dağı təsvir olunmuşdu. Gerbin ikinci qızılı sahəsində mavi dalğalı kəmər Qara dənizi simvolizə edirdi. Bu sahələrin ortasında gümüşü fonda əlində nizə tutan süvari təsvir olunmuşdu. Gerbin aşağı hissəsinin sahəsi Gürcü-İmereti quberniyasının gerbinin təsvirindən götürülmüşdü.
ir_347İrəvan quberniyasını idarə edənlər arasında nəinki erməni qubernator, heç vitse-qubernator belə olmamışdr. (Qubernatorların və vitse-qubernatorların siyahısı ayrıca təqdim edilir).
Çar Rusiyası dövründə İrəvan quberniyası ərazisində mövcud türkmənşəli toponimlər olduğu kimi saxlanılırdı. Yalnız İrəvan Erivanla (1828) , Gümrü Aleksandropolla , Kəvər isə Novo-Bayazetlə (1850) əvəz edilmişdi. Rusiya işğalı dövründə çap edilən inzibati-ərazi və topoqrafik xəritələrdə qeyd olunan toponimlər həmin ərazinin tarixən Azərbaycan türklərinə məxsusluğunu əyani şəkildə göstərir.