Ədəbi mühit

İrəvan şəhəri Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olmuşdur. Təbriz, Ərdəbil, Bakı, Gəncə, Şuşa şəhərlərində olduğu kimi, İrəvan şəhərində məşhur şairlər, nasirlər, elm və mədəniyyət xadimləri yetişmişdir. İrəvan şəhərində olduqca zəngin ədəbi mühit formalaşmışdır. İrəvan şəhərində yazıb-yaradan şair və yazıçıların əsərlərinin bir çoxu İrəvan qalası uğrunda gedən döyüşlər və yerli azərbaycanlı əhalinin dəfələrlə öz yer-yurdlarından didərgin düşmələri nəticəsində itib-batmışdır. Xüsusən, XIX əsrin əvvəlində rus qoşunlarının şəhəri işğalından sonra qiymətli əlyazmaların böyük əksəriyyəti məhv edilmişdir. Əsasən məscidlərdə və mədrəsələrdə saxlanılan qiymətli əlyazmaların əksəriyyəti yandırılmışdır. Bununla belə, Azərbaycandakı və qonşu dövlətlərdəki arxivlərdə və kitabxanalarda İrəvan ədəbi mühitinə aid bir çox nümunələrə rast gəlinir.
Orta əsrlərdə şərq poeziyasının görkəmli nümayəndələrinin əsərləri şairlər tərəfindən tərcümə edilir və ədəbi məclislərdə qiraət ustaları tərəfindən oxunurdu. Sədi Şirazinin 1258-ci ildə farsca qələmə aldığı “Gülüstan” əsəri Yaxın və Orta Şərqdə ən çox oxunan və üzü köçürülərək məktəblərdə tədris edilən və tərcümə edilən əsərlərdən idi. “Gülüstan”ın Azərbaycan dilinə tərcüməsinin nadir əlyazmalarından biri Məhəmməd ibn Hüseyn Rəvaniyə aiddir. Rəvaninin 1657-58-ci illərdə tamamladığı “Tərcümeyi Gülüstan”ın gözəl nəsx xəttilə köçürülmüş əlyazmasının həcmi 107 vərəqdir və hazırda Təbrizdəki Milli Kitabxanada saxlanılır (şifri: 2444). Həmin əlyazmanı Azərbaycan kitabşünası Hacı Məhəmməd Naxçivani 1923-cü ildə kitabxanaya hədiyyə etmişdir. [168]
ir_426-aİrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra 1829-1831-ci illərdə xanlığın ərazisini hərtərəfli tədqiq edən rus tarixçi-statisti İvan Şopen yazır ki, İrəvanda gənclərin əksəriyyəti Rudəkinin, Firdovsinin, Ənvarinin, Nizaminin, Caminin, Hafizin, Sədinin və Şərqdə məşhur olan digər şairlərin əsərlərini əzbərdən söyləyərdilər. [169]
Hələ orta əsrlərdən İrəvan xanlığının ərazisində bir sıra aşıq məktəbləri formalaşmışdır. Bunlardan ən zəngini Göyçə aşıq məktəbidir. Göyçə aşıq məktəbinin parlaq simalarından Miskin Abdal (1430-1535), Ağ Aşıq adı ilə tanınan Aşıq Allahverdi (1754-1860), Aşıq Alı (1800-1911), Aşıq Ələsgər (1821-1926) özlərindən sonra zəngin irs qoyub getmişlər. Həmin irs İrəvan ədəbi mühitinin zənginləşməsində mühüm rol oynamışdır. .
Azərbaycan dilinin zənginliyi, poetikliyi, onun musiqi kimi ahəngdar olması İrəvan xanlığının ərazisində yaşayan ermənilərin də bu dildə yazıb-yaratmalarına səbəb olmuşdur. Erməni yazıçısı Xaçatur Abovyan yazırdı: “Türkcəni qadınlar və uşaqlar belə bilir. Buna görə də xalq içərisində məşhur və fitrətən şairlik istedadına malik olan adamların tatarca (yəni – Azərbaycan dilində) şeir yaratmaları çox təbii bir haldır”.
Azərbaycan dilinin köməyi ilə erməni aşıqları özlərinə çoxlu dinləyici və tamaşaçı toplaya bilirdilər. Professor A.Arşaruni də təsdiq edir ki, azəri dili “demək olar ki, erməni aşıqlarının və erməni xalqının doğma dili olmuşdur. Əks təqdirdə, onlar (yəni – erməni aşıqları) dinləyicilər qarşısında müvəffəqiyyət qazana bilməzdilər və onların dili dinləyicilər üçün anlaşılmaz olardı.” [170]
Erməni aşıqlarının Azərbaycan dilindən, həm də şifahi xalq ədəbiyyatının forma və məzmun zənginliyindən istifadə etmələrinin səbəblərindən biri də XV-XVI əsrlərdən başlayaraq Azərbaycan şifahi xalq ədəbiyyatının çox sürətlə inkişaf etməsi olmuşdur. Digər səbəb isə XIX əsrin birinci yarısınadək müasir erməni ədəbi dilinin – aşxarabarın formalaşmaması olmuşdur. Erməni yazarlarının əksəriyyəti əski erməni ləhcəsində – qraparda yazıb-yaratdıqlarından həmin əsərləri erməni xalqı başa düşmürdü. Məşhur erməni tarixçisi Leo (Arakel Babaxanyan) belə qənaətə gəlmişdir ki, erməni dilinin yoxsulluğu üzündən erməni aşıqları öz mahnılarını azəri dilində qoşmuşlar. Leo yazır: “Aşıqlar üçün nağıllarda, mahnılarda təsvir olunan həyatı ifadə etmək üçün türk dili (yəni – Azərbaycan dili) erməni ləhcələrindən daha səlis, daha ifadəli və daha zəngindir” [171]
Azərbaycan dilində yazıb-yaradan XVII əsr erməni aşıqları haqqında xeyli məlumat vardır. Onların əsərlərindən bəzi nümunələr Matenedaranda və Ermənistan Ədəbiyyat və İncəsənət Muzeyində saxlanılır. XVIII əsrdə Azərbaycan dilində nəğmələr qoşan Sayat Nova, Miran, Bağıroğlu, Əmiroğlu, Qul Yeqaz, Turab Dədə, Şamcı Meleko, Kiçik Nova, Qul Hovanes və başqalarının adları məlumdur. İrəvanda Aşıq Şirinin və Gümrüdə Aşıq Bavenin türk-azəri dilində yazıb-yaradan aşıq məktəbləri olmuşdur.[172]
Ermənilər yalnız əhatəsində yaşadıqları xalqların folklorunu və musiqisini yamsılamaqla məşğul olmuşlar. Ermənilərin başqa xalqlardan istifadə etdikləri, bu xalqların təsiri sayəsində yaratdıqları nəğmələr və havalar haqqında erməni tədqiqatçısı S.Palasanyan yazır: “Bizim mahnıların havası müxtəlifdir. Türkiyədə türkün, Gürcüstanda gürcünün, İrəvan, Şuşa, Ağkilsə və İranda farsın, ümumiyyətlə hansı xalqın təsiri altında olmuşuqsa, həmin xalqın mahnilarının havalarını götürmüşük.” [173]
Bu gün dünyaya “Erməni havaları” kimi təqdim olunan havalar və nəğmələr haqqında erməni yazıçısı Mikael Nalbandyan təqribən 150 il bundan öncə yazırdı: “Ancaq havaların əksəriyyəti türklərdən götürülübdür. Mən ermənilərin yaşadıqları çox yerləri dolaşmışam, həmişə də çalışmışam sırf ermənicə nəsə eşidəm. Lakin həmin şeyi dinləmək mənə nəsib olmamışdır.” [174]
Azərbaycan-erməni ədəbi əlaqələrini dərindən araşdıran, Matenadaranda və Ermənistan arxivlərində uzun illər tədqiqat aparan filologiya elmləri doktoru İsrafil Abbasov qeyd edir ki, XVII-XVIII əsrlərə, daha çox isə XIX əsrə aid elə bir erməni əlyazması yoxdur ki, orada Azərbaycan xalqının qədim nəğmələrinə təsadüf edilməsin. İ.Abbasov həmçinin Matenadaranda saxlanılan və Azərbaycan folkloru nümunələrini, habelə bir sıra yazılı ədəbiyyat materiallarını özündə əks etdirən qiymətli əlyazmaların inventar nömrələrini göstərməklə, onların yazılma tarixini müəyyənləşdirən cədvəl tərtib etmişdir. (Həmin cədvəl elektron resursun “Sənədlər” bölməsində olduğu kimi verilir).
İrəvan xanlığının ərazisində yeganə işlək dil Azərbaycan türkcəsi olmuşdur. İrəvan və Naxçıvan xanlıqlarının ərazisində 1829-1831-ci illərdə kameral siyahiyaalma keçirən rus tarixçi-statisti İ.Şopen “tatar dilinin” – yəni Azərbaycan dilinin yayılma arealı haqqında belə qənaətə gəlmişdir: “Bu məşhur dil haqqında bir neçə söz deməmək mümkün deyildir, hansı ki, Adriatik dənizindən tutmuş, Sakit, Hind və Atlantik okeanlarının sahillərinədək, Qədim Dünyanın üçdəbir hissəsində milyonlarla xalqlar bu dildə anlaşırlar”.[175]
Böyük rus şairi M.Y.Lermontov Qafqazı gəzdikdən sonra bu qənaətə gəlmişdi: “Tatar dilini (yəni Azərbaycan dilini) öyrənməyə başlamışam, fransız dili Avropada zəruri olduğu kimi, bu dil də burada və ümumiyyətlə Asiyada zəruridir” [176]
2001-ci ildə Tehranda “Zufa” nəşriyyatı tərəfindən görkəmli Azərbaycan alimi, uzun müddət Təbriz radio-televiziyasında çalışmış Səməd Sərdariniyanın (1947-2008) “İrəvan müsəlman sakinli şəhər olmuşdur” (“İrəvan yek vilayəte muselman neşin bud”) kitabı çap olunmuşdur. Müəllifin uzun illər apardığı araşdırmalarının nəticəsi olan 247 səhifəlik bu kitab tarixi Azərbaycan torpaqlarında süni surətdə bir erməni dövləti qurulduğunu, yüzilliklər boyu Azərbaycan şəhəri olan İrəvanın necə Ermənistan Respublikasının paytaxtına çevrildiyini tarixi-elmi faktlarla əks etdirir. Kitabın son hissələrindəki bölmələrdə ermənilərin İrəvanda törətdiyi soyqırımlardan nicat tapmış bir sıra ailələr haqqında sənədlərə və fotoşəkillərə əsaslanan materiallar təqdim edilmiş, İrəvanın məşhur Göy məscidi və digər məscidləri, Ermənistanda qalıqları mövcud olan islam abidələri, İrəvanlı alimlər və ruhanilər, görkəmli şəxsiyyətlər, şair və yazıçılar haqqında məlumatlar verilmişdir. “İrəvan müsəlman sakinli şəhər olmuşdur” əsərinin üstün cəhətlərindən biri də irəvanlı şair Mirzə Müslüm Qüdsinin İrəvana həsr etdiyi 300 beytlik məsnəvisinin həmin kitaba daxil edilməsidir. S.Sərdariniya qeyd edir ki, M.M.Qudsinin adı çəkilən məsnəvisinin də daxil edildiyi divanının bir nüsxəsi hazırda mərhum Hacı Məhəmməd Naxçıvaninin kitabxanasında 2814 saylı bölmədə saxlanılır. [177]
S.Sərdariniya öz kitabına Əziz Dövlətabadinin 1991-ci ildə çap olunan “Qafqazda fars dilində yazılan şeirlər” kitabına istinadən “İrəvani” imzası ilə şeirlər yazan 12 şair – Aşüftə İrəvani, Aşub İrəvani, Çeşmə İrəvani, Bidil İrəvani, Höccət İrəvani, Hərif İrəvani, Dəlil İrəvani, Şakir İrəvani, Fəxri İrəvani, Qabil İrəvani, Qüdsi İrəvani, Nazim İrəvani kimi Azərbaycan dilində və farsca yazan şairlər haqqında qısa məlumatlar və onların şeirlərindən nümunələr daxil etmişdir.
Məlum olur ki, Aşüftə İrəvani (əsl adı Kəlbəhüseynbəydir) İrəvanın əsil-nəcabətli ailəsindən çıxmış və bu şəhərin şeyxülislamı Hacı Molla Məhəmmədin qardaşı oğlu olmuşdur. O, cavanlığında Tehrana getmiş, Fətəli şahın oğlu Zillüssultan Əlişahın mehribanlığı və kəraməti sayəsində firavan ömür sürmüşdür. Onun gözəl məzmunlu və ürəyəyatan şeirləri vardır. Aşüftə İrəvaninin lətafətli nitqi olmuşdur.[178]
Əsl adı Mirzə İsmayıl olan Aşub İrəvani şeirlərində əsasən Fətəli şah Qacarı mədh etmişdir. O, İrəvan xanı Hüseynqulu xan və qardaşı Həsən xan tərəfindən Müslümün oğlanlarının məzarı üzərində ucaldılmış günbəz binasının inşa edilməsi tarixini nəzmə çəkmişdir. Halbuki, indi nəinki vaxtilə İrəvanda müsəlman qəbirlərinin üzərində tikilmiş günbəzlər, hətta şəhərdə salınmış bütün müsəlman qəbiristanlıqları yerlə yeksan edilmişdir.
Hər iki gözdən məhrum olan Şeyx Musa İrəvani şeirlərini “Şakir” təxəllüsü ilə yazmışdır. Şakir İrəvani güclü hafizəyə malik olmuşdur.
Şair Çeşmə İrəvaninin əsl adı Rzaqulu xan olmuşdur. O, Fətəli şahın oğlu Mahmud Mirzənin əmirlərindən olan Məhəmməd xan Qacar İrəvaninin oğlu idi. Yüksək şairlik təbinə malik olan, xalq arasında hörmət-izzət qazanan Çeşmə İrəvani uzun müddət Nəhavənddə Mahmud Mirzənin xidmətçilərinin rəhbəri olmuşdur. Məhəmmməd xan Qacar İrəvaninin digər oğlu, cavanlığında kamil təhsil alan Həsən öz şeirlərini “Şəhab” təxəllüsü ilə yazmışdır. O, qəzəl yaradıcılığında xeyli püxtələşmişdir. Məhəmmməd xan Qacar İrəvaninin üçüncü oğlu Hüseynəli şeirlərini “Qabil” təxəllüsü ilə yazmışdır.
Şair Nazim İrəvaninin əsl adı Əli xandır. Əli xanın atası Əli Əkbər xan İrəvandan İrana köçdükdən sonra Nəsrəddin şahın yaxınlarından biri olmuşdu. Əli Əkbər xan bir müddət xarici işlər naziri, bir müddət isə ədliyyə naziri olmuşdu. Tehranda doğulan Əli xan fars dilini mükəmməl öyrəndikdən sonra orduda xidmət etmiş, general rütbəsinə qədər yüksəlmişdi. Əhməd şah dövründə (XX əsrin əvvəli) İranın qoşunlar komandanlığının baş müşavirlər idarəsində xidmət etmişdir. Yaradıcılığının əsas üslubu qəzəlxanlıq olmuşdur.
Dəlil İrəvani Fətəli şah Qacarın müasirlərindən olmuşdur. Şahı mədh edən qəsidəsinin bir yerində İrəvan xanı Hüseynqulu xanın bünövrəsini qoyduğu İrəvan məscidinin binasının tikilməsi tarixinə işarə etmişdir.
Görkəmli Azərbaycan ədəbiyyatşünası və pedaqoqu Firudin bəy Köçərli 1885-1895-ci illərdə İrəvan gimnaziyasında müəllim işləyərkən İrəvan ədəbi mühitinin nümayəndələrinin əsərlərini toplamışdır. Firudin bəy Köçərli “Azərbaycan ədəbiyyatı” əsərində İrəvan şairlərinə ayrıca bölmə həsr etmişdir. Bölmənin əvvəlində Firudin bəy Köçərli qədim İrəvan şəhərinin tarixinə qısa nəzər salmış, onun coğrafi mövqeyi haqqında məlumat vermişdir. Müəllif bir zamanlar “mərkəzi-üləma, füzəla və şüəra” şəhəri olan, böyük alimlər və müctəhidlər yetirən İrəvanın XIX əsrin əvvəllərində rus qoşunları tərəfindən işğalından sonra ədəbi mühitinin tənəzzülə uğradığını yazır.
Firudin bəy Köçərli İrəvan şairləri arasında “Bəzmi” təxəllüsü ilə şeirlər yazan Məşədi İsmayıl Hacı Kazımzadənin məşhur olduğunu yazır. 1846-cı ildə İrəvan şəhərində anadan olan İsmayıl Kazımzadə XIX əsr Azərbaycan şairi, jurnalisti və maarif xadimi Mirzə Məhəmmədtağı Sidqi Naxçıvaninin məktəbində təlim almış, öz fitri istedadı sayəsində qısa müddətdə fars və türk dilini mükəmməl öyrənmişdir. İsmayıl Kazımzadə İrəvanın sərvət sahibi tacirlərindən olsa da, gözəl təbi, şirin danışığı ilə şəhərin əyanları arasında, xüsusən də şairlər içərisində əziz və hörmətli olmuşdur. Firudin bəy Köçərlinin yazdığına görə, Bəzminin farsca və türkcə yazdığı şeirlər bir kitablıq olardı. Lakin dağınıq olduğu üçün onun qələmindən çıxanları bir yerə toplayan olmamışdır. Bəzminin şeirlərinin çoxu qəzəl, rübai və müxəmməs janrında olmuşdur. Bunlarla yanaşı, Bəzminin həcvləri və satirik məzmunlu şeirləri də olmuşdur. Firudin bəy Köçərli həm də “Əndəlib” (“Bülbül”) təxəllüsü ilə yazıb-yaradan Məşədi İsmayıl Kazımzadənin yaradıcılığından nümunələri “Azərbaycan ədəbiyyatı” kitabına daxil etmişdir. İsmayıl Kazımzadə həmçinin ömrünün son 20 ilini maarifə həsr etmiş, İrəvanda məktəb açmışdır ki, bu haqda kitabın “Elm və təhsil” bölməsində ətraflı yazılmışdır.
Firudin bəy Köçərli “Mütəlle” təxəllüslü şair kimi təqdim etdiyi 1832-ci il təvəllüdlü Mirzə Kazım Qazi Əsgərzadə Axund Əhmədovun gənc yaşlarında Təbriz mahalından İrəvana gəldiyini, sonra ömrü boyu İrəvanda yaşadığını və orada vəfat etdiyini yazır. İrəvan ziyalısı Mirzə Abbas Məhəmmədzadəyə istinadən Firudin bəy Köçərli qeyd edir ki, Mütəlle bütün şeirlərini farsca yazmışdır. Lakin elə oradaca Firudin bəy Köçərli Mirzə Kazımın həm farsca . həm də azəbaycanca yazdığı şeirlərdən nümunə gətirir. Mirzə Kazım da İsmayıl Kazımzadə kimi, İrəvanda məktəb açmışdı. O, ibtidai məktəb şagirdləri üçün kitab tərtib etmiş, həmin kitaba uşaqlar üçün yazdığı şeirlərini də daxil etmişdi. Mirzə Kazımın uşaqları oxuyub-yazmağa həvəsləndirmək məqsədilə yazdığı düzgülər o qədər rəvandır ki, onu uşaqlar çox asanlıqla əzbərləyirdilər.
Firudin bəy Köçərlinin oxuculara təqdim etdiyi digər irəvanlı şair “Sabir” təxəllüsü ilə şeirlər yazan Hacı Seyid Rza Əmirzadədir. Seyid Rza 1846-cı ildə Xoy şəhərində anadan olsa da, 27 yaşından ömrünün sonunadək İrəvan şəhərində yaşamışdır. Firudin bəy Köçərli Seyid Rzanı xoşsöhbət, rəvan təbə malik zərif bir şair kimi xarakterizə edir. Şairin qələmindən gözəl qəsidələr, qəzəllər, qitələr çıxsa da onların hamısını toplamaq mümkün olmamışdır. Şairin İrəvana gəlməsi vaxtı Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini çap etdirdiyi vaxta təsadüf etmişdir. Seyid Rza Əmirzadə imzası ilə “Əkinçi” qəzetində şairin nəsrlə və nəzmlə yazılmış yaradıcılıq nümunələri dərc olunmuşdur. XIX əsrin sonlarında Hüseyn Əfəndi Qayıbov “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” adlı topluya 107 Azərbaycan şairinin şeirlərindən nümunələr daxil etmişdir. Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan həmin “Məcmuə”də Seyid Rza Əmirzadənin müxəmməs, müstəzad, tərkibbənd və tərcibəndlərindən nümunələr də öz əksini tapmışdır. Seyid Rza 1896-cı ildə İrəvan şəhərində təqribən 60 yaşında vəfat etmişdir. “Zari” təxəllüsü ilə şeirlər yazan Mirzə Abbas Seyid Rza Sabirin doğum və vəfatı tarixini məzar daşı üstünə həkk etmək üçün qitə (iki beytdən ibarət şeir) yazmışdır. [179]
İrəvanlı şairlərdən biri də “Ləli” təxəllüsü ilə şeirlər yazan Ləli Mirzə Ağa Əli İrəvani olmuşdur. O, 1836-cı ildə İrəvanda anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. Kiçik yaşlarından atası Hacı Ağa Mirzə ilə bərabər Təbrizə getmiş, ədviyyat ticarəti ilə məşğul olmuş, sonra isə nüsxəbəndlik (qədim tibb kitablarına baxıb dərman yazan ara həkimi) etmişdir. Daha sonra Mirzə Mirzə Ağa Əli İstanbulda tibb fakültəsini bitirmişdir. Təbrizə qayıtdıqdan sonra həkim kimi şöhrət qazanmış, nəhayət Tehranda Nəsrəddin şahın saray həkimi olmuşdur. Şərq və Qərb ölkələrini şahla bərabər gəzmiş, fransız dilini bildiyi üçün həm də şahın tərcüməçisi olmuşdur. Şeirlərini fars və Azərbaycan dillərində yazmışdır. Onun şeirləri sadə və aydın, hər cür mürəkkəblikdən uzaq, eyni zamanda dil şirinliyinə və gözəl məzmuna malik idi. Qəzəl, qəsidə, mərsiyə, mədhiyyə və həcvlərdən ibarət divanı 1882, 1898, və 1907-ci illərdə kütləvi tirajla çap edilmişdir. Ləli Mirzə Ağa Əli İrəvaninin təkmilləşdirilmiş “Divan”ı 1944-cü ildə iki cilddə Təbrizdə kütləvi tirajla çap edilmişdir. Firudin bəy Köçərli “Azərbaycan ədəbiyyatı”nda Ləli Mirzə Ağa Əli İrəvanini Mirzə Əlixan Şəmsül-Hükəma (“Ləli”) kimi təqdim edərək onun şeirlərindən iki nümunə vermişdir. Ləli Mirzə Ağa Əli İrəvani 1907-ci ildə Tiflisdə vəfat etmişdir. [180]
Firudin bəy Köçərlinin şəxsi arxivində İrəvan şairlərinin şeirlərindən ibarət əlyazmalar mövcud olmuşdur. Firudin bəyin şəxsi arxivində saxlanılan Bəzminin (Məşədi İsmayıl Hacı Kazımzadə), Mütəllenin (Mirzə Kazım Qazi Əsgərzadə Axund Əhmədov), Sabirin (Hacı Seyid Rza Əmirzadə) şeirlərinin əlyazmalarından ibarət 36 səhifə həcmində bir dəftər, Ləlinin (Mirzə Ağa Əli İrəvani) şeirlərinin əlyazmalarından ibarət 8 səhifə həcmində digər bir dəftər 1937-ci ildə “NKVD” tərəfindən məhv edilmişdir. [181]
Şeyxülislam Fazil İrəvani 1782-ci ildə İrəvan şəhərində anadan olmuşdur. İlk təhsilini şəhərdəki molla məktəbində alıb. 20 yaşında ikən dünyanın ən qədim universtetlərindən biri olan Qahirədəki Əl-Əzhər Universitetində oxumağa getmişdir. 20-25 il Qahirədə qalaraq mükəmməl təhsil almışdır. Sonra İsfahan və Təbriz şəhərlərində axundluq etmişdir. Şərq tarixinə, dini elmlərə dair əsərlər yazmışdır. Vətənə qayıdandan sonra İrəvandakı Göy məscidin baş axundu olmuşdur.
Müctəhid Fazil İrəvani 1843-cü ildə Qafqaz Müsəlmanları Şiə Ruhani İdarəsi sədrinin müavini, 1847-1872-ci illərdə Qafqazın şeyxülislamı olmuşdur. 1872-ci ildə Şeyxülislam vəzifəsindən istefa verən Fazil İrəvani yenidən İrəvana qayıtmış, onun adı ilə adlandırılan “Şeyxülislam” məhəlləsində yaşamışdır. Fazil İrəvani 1885-ci ildə doğma İrəvan şəhərində 103 yaşında vəfat etmişdir.
Fazil İrəvaninin “Kitabüt-təharət” (“Paklıq kitabı”) əsəri 1883-cü ildə Təbrizdə daşbasması (litoqrafiya) üsulu ilə çap olunub. Onun “Qızılgül və bülbül” povesti Sankt-Peterburqda yaşayan Xocens Markar Geğamyan tərəfindən tərcümə olunaraq 1812-ci ildə erməni və rus dillərində çap edilmişdir. Sonra isə bu əsər Xocens Markarın öz orijinal əsəri kimi, Avropada fransız və alman dillərində dönə-dönə çap edilmişdir. Əsəri fransız dilinə Vayyan de Floribal, alman dilinə Yozef fon Hammer tərcümə etmişlər. Fransız tədqiqatçısı Şarl Jorjien 1892-ci ildə məsələyə aydınlıq gətirərək yazmışdır ki, “Qızılgül və bülbül” əsəri Fazil və ya Fazili adlı türk müəllifinin əsəridir, Xocens Markar sadəcə olaraq, “Qızılgül və bülbül”ü erməni və rus dillərinə tərcümə edərək öz əsəri kimi çap etdirmişdir. Kitabın əsl müəllifinin Fazil Irəvani olduğu bəlli olduqdan sonra belə, ermənilər “Qızılgül və bülbül”ü 1950-ci ildə yenə də erməni müəllifinin əsəri kimi, Freznoda (ABŞ) çap etdirmişlər. [182] “Qızılgül və bülbül” əsərinin orijinalı Matenadaranda – Mesrop Maştos adına Qədim Əlyazmalar İnstitutunda saxlanılır.
İrəvanlı müəlliflər öz əsərlərini kənar yerlərdə, başqa dillərlə çap etdirməklə yanaşı, ana dilində də çap etdirmişlər. Bu ilk təşəbbüsü Molla Hüseyn İrəvani göstərmişdir. Onun 201 səhifəlik şəkilli “Müseyibnamə” kitabı 1888-ci ildə Təbrizdə çap olunmuşdur. Bir il sonra Təbrizdə Mirzə Ağa Əli Həkimi İrəvanininnövhə və qəzəllərindən ibarət divanı çap olunub. 239 səhifəlik bu divan Azərbaycan və fars dillərində nəşr edilmişdir.
XIX əsrin ikinci yarısından etibarən bir-birinin ardınca İrəvanda dövlət və özəl məktəblərin açılması həm tərcümə ədəbiyyatının, həm də ayrı-ayrı azərbaycanlı müəlliflərin kitablarının çap edilməsini zəruri edirdi. XIX əsrin sonlarında İrəvanda yaşayan ziyalılardan Əbülfət Şahtaxtinskinin tərcümə etdiyi İohann Volfhanq Hötenin “Gənc Verterin iztirabları”, Ə.Z.Qəmərlinskinin tərcümə etdiyi Molyerin “Zorən təbib”, Firudin bəy Köçərlinin tərcümə etdiyi “Təlimati-Sokrat” kitabları azərbaycanlı ziyalıların ilk tərcümə ədəbiyyatı hesab edilir. Həmin vaxtdan etibarən İrəvanda mövcud olan mətbəələrin bir qismi ərəb əlifbası şriftləri gətizdirərək Azərbaycan dilində kitab çapına başlamışdılar. Firudin bəy Köçərlinin A.S.Puşkindən tərcümə etdiyi “Torçu və balıq” hekayəsi 1892-ci ildə İrəvanakı “Güləmiryan” mətbəəsində çap edilmişdi. [183]
ir_026XX əsrin əvvəllərində İrəvanda “Güləmiryan”, “R.K.Edilson” mətbəələri ilə yanaşı, “Kultura” və “Luys” (“İşıq”) mətbəələri də Azərbaycan dilində kiablar çap edirdilər. İrəvan rus-tatar məktəbinin müəllimi Məhəmməd Vəli Qəmərlinskinin “Atalar sözü” kitabı 1899-cu ildə “R.K.Edilson” mətbəəsində çap olunmuşdu. Cabbar Əsgərzadənin uşqlar üçün yazdığı “Qızıl yarpaq, yaxud Ənvər” şeirlər kitabı 1913-cü ildə “Kultura” mətbəəsində çap olunmuşdu. 1875-1877-ci illərdə “Əkinçi”, “Ziyayi-Qafqaziyyə” qəzetlərinin, 1880-1891-ci illərdə “Kəşkül” jurnalının nəşr edilməsi İrəvanda ədəbi mühitin formalaşmasına təkan vermişdi. XX əsrin əvvəllərində İrəvanda xeyli sayda püxtələşmiş qələm sahibləri mövcud idi. 1906-cı ildə “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının nəşrə başlamaları İrəvanda yazıb-yaradan qələm sahiblərini də hərəkətə gətirmişdi. İrəvanda “Molla Nəsrəddin”çilər məktəbi yaranmışdı. 1914-cü ildə İrəvanda həftəlik “Lək-Lək” (“Leylək”) satirik jurnalı, 1917-ci ildə ayda iki dəfə nəşr edilən ədəbi, siyasi, tarixi və elmi “Bürhani həqiqət” jurnalı işıq üzü görmüşdür. Bu jurnalların səhifələrində İrəvan ədəbi mühitinin tanınmış simalarından Əli Məhzunun, Cabbar Əsgərzadənin (Aciz), Cabbar Məmmədzadənin, Məmmədəli Nasirin, qadın şairlərdən Şöhrət xanımın, Səri xanımın, Nigar xanımın, Əbdülhəqq Mehrinisə xanının və digər qələm sahiblərinin məqalələri, felyetonları, şeirləri və tərcümələri dərc olunmuşdur.
ir_062“Bürhani-həqiqət” jurnalının müdir-redaktoru Əlli Məhzun (Əli Hacı Zeynalabdinzadə Rəhimov) 1886-cı ildə İrəvanda anadan olmuşdur. Məcmuənin bütün nömrələrini transfoneliterasiya edən tədqiqatçı alim Şəfəq Nasir yazır ki, Əli Məhzun hələ yeniyetmə çağlarından ədəbiyyata maraq göstərmişdir və yüksək erudisiyaya malik bir ziyalı, istedadlı qələm sahibi idi. Əli Məhzun “Bürhani-həqiqət” jurnalını nəşr edənə qədər Cənubi Qafqazın bir sıra mətbuat orqanlarında şeirləri, ictimai-siyasi mövzuda yazdığı məqalələri, felyetonları ilə çıxış edirdi. O, “Molla Nəsrəddin” jurnalının İrəvan müəllifləri sırasında jurnalla ən çox əməkdaşlıq edən müəlliflərdən idi. Əli Məhzun həm də milli ruhda yazılmış roman və hekayələrin müəllifi idi. Cəhaləti, dini-xurafatı tənqid edən əsərlərindən biri olan “Şəriət xadimi” 1927-ci ildə Bakıda “Azgiz”də nəşr olunmuşdu. Türk dili (Azərbaycan) və ədəbiyyatını tədris edirdi. Müəllimlik sənəti ona xalqın qəflət yuxusundan ayılması, gözünün açılmasında, ictimai şüurunun formalaşmasında daha çox işlər görməsinə şərait yaratmışdı. O, İrəvanın tərəqqipərvər ziyalıları ilə qüvvələrini birləşdirərək xalqın cəhalət girdabından azad olması yolunda ideoloji mübarizə aparır, şəhərin ictimai-siyasi həyatında yaxından iştirak edirdi. 1934-cü ildə vəfat edən Əli Məhzun maarifpərvər ziyalı, qüdrətli qələm sahibi kimi, ictimai-ədəbi fəaliyyətini dilimizin, mədəniyyətimizin, mənəvi-əxlaqi dəyərlərimizin qorunmasına və yeni ənənələrlə inkişafına həsr etmişdir. Şəfəq Nasir qeyd edir ki, Ə.Məhzunun “Bürhani-həqiqət”in ikinci sayından başlayaraq jurnalın sonuncu nömrəsinədək dərc olunmuş “Ədəbiyyata dair” əsəri yaradıcılığa yeni başlayan şair, ədiblər üçün, ümumən ədəbiyyatın qayda-qanunları, ədəbi terminlər, bədii ifadə və təsvir vasitələri haqqında elmi bir mənbədir. Ə.Məhzun həmin əsərində ədəbiyyatda və sənətdə yaradıcı təxəyyülün növləri, onların tərifi və izahından bəhs etmişdir ki, bu yazılar bütövlükdə ədəbiyyat elmi haqqında bitkin bir tədqiqat əsəri, ədəbiyyatşünaslıq nəzəriyyəsidir.” [184]
Ermənilərin İrəvanda azərbaycanlılara qarşı törətdikləri 1905-1906-cı illər qırğınları, 1918-1920-ci illər soyqırımı nəticəsində İrəvan ədəbi mühiti demək olar ki, məhv edilmişdir.
1920-ci ildə Ermənistanda sovet hakimiyyətinin qurulmasından bir qədər sonra İrəvan şəhərindən didərgin düşən azərbaycanlı ziyalıların az bir qismi öz doğma şəhərlərinə qayıtmışdılar.
İrəvan xanlığı dövrünə aid və Rusiya işğalı dövründən qalan bir sıra əlyazmalar XX əsrin 30-40-cı illərinədək ayrı-ayrı ziyalıların evlərində, əsasən də İrəvandakı Göy məscidin kitabxanasında saxlanılırdı. İrəvan ziyalılarının ədəbi məclisləri Göy məsciddə keçirilərdi. Azərbaycanı Tədqiq-Tətəbbö Cəmiyyətinin əməkdaşı İsa Əzimbəyov ekspedisiyanın nəticəsi olaraq 1929-cu ildə dərc etdirdiyi “Tiflis, İrəvan və Naxçıvan SSR-in müsəlman kitabələri” məqaləsində yazır ki, o, İrəvandakı Göy məsciddə olarkən Hacı Mirzə Hüseynlə (1868-1938) tanış olmuşdur. Mirzə Hüseyn ağa onu məscidin kitabxanası ilə tanış etmişdir. İ.Əzimbəyov həmin məqaləsində kitabxanada mövcud olan İslam dininə aid kitabların adları ilə yanaşı, Firdovsinin, Nizaminin, Hafizin, Caminin, Xaqaninin kitablarının adlarını da sadalamşdır. [185]
İrəvanda həkim ailəsində doğulan və istedadlı şərqşünas alim kimi tanınan Mirzə Hüseyn ağa Bağdadda və Nəcəfdə mükəmməl təhsil almışdı. Məqalələri Türkiyədə və İranda dərc olunmuşdu. 1938-ci ildə bir çox azərbaycanlı ziyalılar kimi, Mirzə Hüseyn ağa da repressiyaya məruz qoyularaq Kaluqa şəhərinə sürgün edilmiş və bir qədər sonra sürgündə vəfat etmişdir. Onun zəngin kitabxanası və əlyazmaları ermənilər tərəfindən qarət edib yandırılmışdır.[186]
XX əsrin 20-ci illərinin ortalarından yaradıcı insanlar qarşısında partiyalı ədəbiyyat səpkisində əsərlər yazmaq, sovet siyasi sistemini tərifləmək, keçmiş quruluşu lənətləmək kimi tələblər irəli sürülürdü. 1924-cü ilin noyabrından İrəvanda rəsmi dövlət orqanı kimi, Azərbaycan dilində “Zəngi” qəzeti müntəzəm nəşrə edilmiş və bu qəzet azərbaycanlı yazarları öz ətrafında birləşdirmişdi. 1925-ci ildən İrəvanda Azərbaycan dilində Ermənistanın ali dövlət orqanlarının qərarlıarının, direktivlərinin, təlimatlarının kitab və kitabçalar şəklində çap olunmasına başlanılmışdır. 1926-cı ildə Ermənistan Yeni Türk Əlifbası Komitəsi fəaliyyətə başlamışdır. 1927-ci ildə Ermənistan Proletar Yazıçılar Cəmiyyətinin nəzdində türk (azərbaycanlı) bölməsi yaradılmışdır. 1929-cu ilin iyununda İrəvanda Zaqafqaziya şair və yazıçılarının ədəbi toplantısı keçirilmişdir. Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Abdulla Şaiq, Əhməd Cavad, Əbülhəsən Ələkbərzadə kimi şair və yazıçıların Bakıdan İrəvana gəlmələri, onların azərbaycanlı ziyalıları ilə görüşləri İrəvan ədəbi mühitinin canlanmasına təkan vermişdi.
1931-ci ildə İrəvanda Ermənistan Dövlət Nəşriyyatında “Zərbə” adlı Ermənistan türk proletar yazıçılarının şeir və hekayələrindən ibarət ilk məcmuə çap olunmuşdur. 1933-cü ildə Ermənistanda sovet hakimiyyətinin qurulmasının 13-cü ildönümü münasibətilə azərbaycanlı yazıçılarının əsərlərindən ibarət “XIII noyabr” adlı almanax Ermənistan Şura Yazıçıları Cəmiyyətinin Türk sektoru tərəfindən çap edilmişdir. [187]
1934-cü ildə Ermənistan Yazıçılar İttifaqı yaradılmış və onun Azərbaycan ədəbiyyatı bölməsi təşkil edilmişdir. Həmin ildə İrəvanda gənc azərbaycanlı şair və yazıçıların yaradıcılıq nümunələrindən ibarət “Gənc səslər” toplusu işıq üzü görmüşdür. Təbii ki, həmin illərin yazarlarının əsas mövzusunun ağırlığını sosializm quruluşunun təbliği təşkil edirdi. 1934-cü ildə yazıçı-dramaturq Nəsib Əfəndiyevin Ermənistan Yazıçılar İttifaqının türk bölməsinə rəhbərlik etməsindən sonra azərbaycanlı müəlliflərin kitabları daha tez-tez çap olunmuşdur. Abbas Azəri, Abbas Tahir, Əsgər Əsgərzadə, Telman Nəzərli, Ələşrəf Bayramov, Sərdar Cəlal, Əbülfət Rəhimov, Məmməd Mübariz kimi azərbaycanlı yazarlar Ermənistan Yazıçılar İttifaqının türk bölməsinin ətrafında birləşmişdilər. Ermənistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin, Ermənistan Ali Sovetinin və Xalq Komissarları Sovetinin orqanı olan “Qızıl şəfəq” qəzetində müntəzəm olaraq azərbaycanlı şair və yazıçıların yaradıcılıq nümunələri çap olunurdu. Ermənistan Yazıçılar Cəmiyyətinin azərbaycanlı bölməsinin daimi binası olmadığı üçün ədəbi yığıncaqlar çox zaman ya İrəvan Türk Pedaqoji Texnikumunda, ya da “Qızlı şəfəq” qəzetinin redaksiyasında keçirilirdi. Bakıdan gələn şair və yazıçılar həmişə “Qızıl şəfəq”in qonağı olurdular. 1935-ci ildə Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, Mikayıl Müşfiq və Sabit Rəhmandan ibarət nümayəndə heyəti İrəvanda olmuş, əvvəlcə “Qızıl şəfəq”in redaksiyasında, sonra isə İrəvan Konservatoriyasının iclas salonunda ədəbi ictimaiyyətin nümayəndələri və tələbələrlə görüş keçirilmişdi. Görkəmli şair və yazıçılardan Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl Rəfili, Mir Cəlal İrəvanda olmuş, azərbaycanlı ədəbi mühitinin nümayəndələri ilə görüşlər keçirmişdilər.
1935-ci ildə Ermənistanda sovet hakimiyyətinin qurulmasının 15-ci ildönümü münasibətilə “Almanax” buraxılmışdı. “Almanax”a Abbas Tahirin, Nəsib Əfəndiyevin, Abbas Azərinin, İnsaf Ağazadənin, Əli Şahinin, erməni müəllifi Stepan Zoryanın və Sərdar Cəlalın şeirləri, poemaları və hekayələri daxil edilmişdi.
1937-ci ilin repressiya dalğası İrəvanda yazıb-yaradan azərbaycanlıları da öz ağuşuna almışdı. Azərbaycanlı ziyalıları hansısa “əksinqilabçı-millətçi təşkilatın üzvü” kimi ittihamla həbs etmək üçün heç bir əsas tapılmasa da, onların əksəriyyətini “Türkiyəyə casusluqda” ittiham edərək həbs etmişdilər. İrəvan ədəbi-mədəni mühitinin sayılıb-seçilən nümayəndələrindən Mustafa Hüseynov, Abbas Azəri, Mirzə Hüseyn ağa, Əhməd Əhmədov, Abdulla Mirzəyev, Əkbər Rəsulov, Mirzə Əsgərov, Yunis Ağayev kimi ziyalılar 1937-ci il repressiyasının qurbanı olmuşdular. Bir çox irəvanlı ziyalılar repressiyadan qurtulmaq üçün Ermənistanı tərk etmək məcburiyyətində qalmışdılar. [188]
1936-1946-cı illərdə İrəvanda erməni yazıçı və şairlərinin əsərlərinin Azərbaycan dilinə tərcümə edilmiş kitabları çap edilsə də, azərbaycanlı yazarların kitabları çap olunmamışdır. 1947-ci ildə Abbas Tahirin, 1949-cu ildə isə Sərdar Cəlalın şeirlər kitabları çap olunmuşdur. Azərbaycanlıların tarixi-etnik torpaqlarından 1948-1953-cü illər deportasiyası İrəvan azərbaycanlı ədəbi mühitində durğunluğun yaşanmasına səbəb olmuşdur. Yalnız 1957-ci ildən etibarən 1959, 1960, 1962, 1963, 1964, 1965, 1967-ci illərdə azərbaycanlı şairlərin, yazıçıların, publisistlərin bədii yaradıclılq və tərcümə nümunələrindən ibarət “Ədəbi Ermənistan” seriyasından 8 məcmuə işıq üzü görmüşdür. 1958-ci ildən etibarən ayrı-ayrı tədqiqatçıların Azərbaycan-erməni ədəbi əlaqələrinə, Azərbaycan ədəbi mühitinin erməni ədəbi mühitinə təsiri problemlərinə aid araşdırmaları İrəvanda çap olunmuşdur. 1958-ci ildə İrəvanda Əkbər Yerevanlının “Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri”, 1962-ci ildə yenə həmin müəllifin “M.Ə.Sabir və erməni xalqı”, 1966-cı ildə Məhərrəm Bayramovun “Məslək dostları. C. Məmmədquluzadə və A.Şirvanzadə”, 1967-ci ildə Teymur Əhmədovun C.Məmmədquluzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Dostluq və səadət nəğməkarı”, 1968-ci ildə Əkbər Yerevanlının “Azəri-erməni ədəbi əlaqələri. Qədim dövrdən XVIII əsrin sonunadək”, 1971-ci ildə Məhərrəm Bayramovun “Aleksandr Şirvanzadə və Azərbaycan”, 1974-cü ildə Əkbər Yerevanlının “Hovanes Tumanyan və Azərbaycan ədəbiyyatı”, 1975-ci ildə yenə həmin müəllifin “Avetik İsahakyan və Azərbaycan ədəbiyyatı” araşdırmaları işıq üzü görmüşdür. O dövrün tələblərinə uyğun şəkildə, xalqlar dostluğunun tərənnümü və beynəlmiləlçilik prizmasından çıxış edərək yazılan bu əsərlər faktların zənginliyi və ir_413əksər mənbələrin bu gün əlçatmaz olması baxımından indi də öz aktullıqlarını qoruyub saxlayırlar.
XX əsrin 60-cı illərindən etibarən “Sovet Ermənistanı” qəzetinin redaksiyası və İrəvan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsi Ermənistanda yazıb-yaradan ziyalıların toplaşdıqları məkana çevrilmişdi. “Sovet Ermənistanı” qəzetinin səhifələrində vaxtaşırı olaraq redaksiyanın ünvanına göndərilən bədii yaradıcılıq nümunələri ədəbi tənqid prizmasından təhlil edilir, gənc yazarlara lazımi məsləhətlər verilirdi.
İrəvan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinin müəllimləri İrəvan arxivlərində axtarışlar aparır, Azərbaycan ədəbiyyatının nadir nümunələrini üzə çıxarır və onları ədəbi ictimaiyyətin nəzərinə çatdırırdılar. 1436-1467-ci illərdə Azərbaycan Qaraqoyunlu dövlətinin başçısı olmuş Müzəffərəddin Cahanşah “Həqiqi” təxəllüsü ilə doğma Azərbaycan türkcəsində gözəl şerilər yazmışdır. Həqiqinin “Divan”ını İrəvan pedaqoji İnstitutunun müəllimi, filologiya elmləri namizədi Lətif Hüseynzadə üzə çıxarmışdır. Uzun müddət həmin “Divan”ın harada saxlanması haqqında dəqiq məlumat olmamışdır. Yalnız 1961-ci ildə əlyazmanın sirri açılmışdır. Məlum olmuşdur ki, Həqiqinin “Divan”ı uzun müddət İstanbulda, türk sultanlarının saray kitabxanasında saxlanılmışdır. Sultan ir_419Əbdülhəmidin dövründə əlyazma kitabxanadan itmiş, bir müddət sonra isə Misirdə, İskəndəriyyə kitabxanasında tapılmışdır. Lakin sonradan buradan da yoxa çıxaraq, dünyanı gəzə-gəzə Londona gəlib çıxmışdır. Həmin əlyazma buradan da yoxa çıxmış, hansı yollasa Nyu-Yorkda yaşayan erməni kolleksiyaçısı Arutyun Qazaryanın şəxsi arxivinə gəlib çıxmışdır. Onun vəsiyyətinə əsasən kolleksiyası İrəvan Dövlət Universitetinə təhvil verilmişdir. Lətif Hüseynzadə Həqiqinin “Divan”ını burada aşkar etmiş və ona müqəddimə yazaraq 1966-cı ildə İrəvanda “Hayastan” nəşriyyatında çap etdirmişdir. [189]
1975-ci ildə Azərbaycan folklorşünası Sədnik Paşayevin toplayaraq İrəvanda çap etdirdiyi “Erməni aşıqlarının azərbaycanca şeirləri” kitabı Azərbaycan aşıq mühitinin erməni ədəbi mühitinə təsirini öyrənmək baxımından qiymətli mənbədir.
“Sovet Ermənistanında Azərbaycan kitabı”nda 1960-1985-ci illərdə İrəvanda Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı bölməsinin xətti ilə azərbaycanlı şair və yazıçıların 50-yə yaxın kitablarının çap olunması haqqında məlumat verilir.
ir_060İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri filologiya elmləri namizədi Əkbər Yerevanlı (Süleymanov Əkbər Yunis oğlu, 1921-1981) 50-ci illərin ortalarından ömrünün sonunadək Ermənistan Yazıçılar İttifaqının Azərbaycan ədəbiyyatı bölməsinin sədri olmuşdur.
1981-1984-cü illərdə isə bölmənin sədri şair Hidayət Orucov olmuşdur.
1982-ci ildə “Sovetakan qroğ” (“Sovet yazıçısı”) nəşriyyatı şairlər Hidayətin, Tahir Talıblının Fərhad Vəlizadənin, H.Ələkbərovun və Rafiq Musanın şeirlərindən ibarət “Sevgi harayı” adlı məcmuə çap etmişdir. “Ədəbi Ermənistan” almanaxının sonuncu – 9-cu buraxılışı 1985-ci ildə işıq üzü görmüşdür.
1985-ci ildə ermənipərəst Mixail Qorbaçovun SSRİ-nin rəhbəri postuna yiyələnməsindən sonra Ermənistanda erməni şovinizmi yenidən baş qaldırdı. Azərbaycanlı ziyalılarının sıxışdırılması, onların Ermənistanı tərk etməyə məcbur edilməsi ədəbi mühitə də öz mənfi təsirini göstərdi. 1988-ci ildə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinə ərazi iddiası irəli sürməsindən sonra İrəvanda azərbaycanlılara qarşı edilən zorakılıqlar onarın etnik təmizlənməsi ilə nəticələndi.
Ermənistandakı tarixi vətənlərindən 1988-1989-cu illərdə deportasiya edilərək Azərbaycanda məskunlaşan qələm sahiblərinin Vətən həsrətini, qaçqınlıq faciəsini, ermənilərin törətdikləri vəhşilikləri özündə əks etdirən zəngin bədii yaradıcılıq nümunələri meydana gəlmişdir. 1908-ci ildə İrəvanda doğulan, ermənilərin azərbaycanlılara qarşı dəfələrlə törətdikləri qırğınların canlı şahidi olan Səriyyə Xatunun sinəsindən gələn ah-fəryadı “İrəvan bayatıları” adı ilə Bakıda “Günəş” nəşriyyatında 1998-ci ildə ayrıca kitab şəklində çap olunmuşdur. Əslən Qərbi Azərbaycandan olan, lakin müxtəlif səbəblərdən Azərbaycanda məskunlaşan ziyalıların Vətən həsrəti, yurd itkisi ilə bağlı şeirləri, hekayələri, publisistik yazıları, elmi araşdırmaları toplanaraq 2004-2008-ci illərdə “Ədəbi İrəvan” (toplayanı, tərtib edəni və redaktoru Əli Vəkil) almanaxları çap edilmişdir. AMEA-nın Folklor İnstitutu 2004-cü ildə “Azərbaycan folkloru antologiyası” seriyasından “İrəvan çuxuru folkloru” kitabını çap etmişdir. Bu kitabda yüzillər boyu İrəvan şəhəri və onun ətraf bölgələrində yaranan folklor nümunələri toplanılmışdır.
İndi də İrəvan ədəbi mühiti ab-havasında yeni-yeni əsərlər yaranır.